Şuşada tarixi zəfər yazan Ali Baş Komandan!
Şuşa-qeyrət rəmzi, milli mücadilə simvolu, musiqi mədəniyyətimizin beşiyi, Qarabağın ürəyi, Ali Baş Komandan İlham Əliyevin zəfər bayrağını sancdığı müqəddəs yurd, Ana Vətən!
Nə xoşdur, Vətən torpağını azad görmək, onun yağı düşməndən azad olunmasına şahidlik etmək, qələbə bayramının şərbətini içmək. Bundan gözəl hiss, bundan gözəl duyğu təsəvvür etmək yersiz olardı. 30 ilə yaxın bir müddətdə itirdiyimiz o torpaqların ağrı-acısını yaşamaq, qaçqın və məcburi köçkün olmaq, boynu bükük, başı aşağı yaşamaq olduqca çətin və məşəqqətlidir.
Çox şükürlər olsun ki, xalqımız ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək düşmənin məkrli planlarını pozdu və ona qısa müddət ərzində elə bir dərs verdi ki, çətin düşmən özünə gələ bilsin. Bəlkə son iki yüz ildə xalqımız belə yekdil, bütöv, umummilli maraqlar naminə həmrəy olmamışdır. Bir çox ziyalıların qeyd etdiyi kimi, bu Vətən müharibəsində uşağından-böyüyünə, ziyalısından-sıravisinə, iqtidarından-müxalifətinə kimi hamı bir amal uğrunda bütövləşərək, Prezidentin ətrafında sıx birləşərək düşmənin göz dağına çevrildi.
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Bununla da Qarabağa heç bir status verilmir, Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Azərbaycan Ordusunun əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi bütün dünyada örnək olacaq hadisədir. Prezident İlham Əliyevin təbirincə desək:” Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Bu yeni nəsil müharibə üsuludur, yəni texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsidir.
Bu qısamüddətli müharibədə Ordumuzun, Ali Baş Komandan İlham Əliyevin siyasi mövqeyinin dəstəklənməsi, qardaş Türkiyə Respublikasının, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına olan mənəvi və siyasi dəstəyi heç zaman qədirbilən xalqımız tərəfindən unudulmayacaqdır. Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyənin dəstək və həmrəylik nümayiş etdirilməsi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Beləliklə, bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi mökəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir.
İradə Şahbəddin qızı Qaracallı
"Bizimlider.com" Informasiya Xəbər Portalının rəhbəri və "Bizim Lider" qəzetinin təsisçi və baş redaktoru, yazıçı, jurnalist