Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının plenar iclasında çıxış edib - FOTO
Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” mövzusuna həsr olunmuş 75-ci sessiyasının ikinci günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı çoxtərəflilik, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.
Teymur Musayev COVID-19-a qarşı peyvəndlərin bölgüsündə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı qeyri-bərabərliyin pandemiyanın qısa zamanda tamamilə aradan qaldırılmasına nail olmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Buraya müxtəlif tədbirlərlə yanaşı, səhiyyənin universal əlçatanlığının təmin edilməsi üçün fasiləsiz peyvəndləmə proqramlarının davam etdirilməsinin də daxil edilməli olduğunu əlavə edib.
Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv dövlətləri bu və digər mövzulara dair Təşkilatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərini alqışlayır.
Çıxışının sonunda Teymur Musayev post-COVID dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.