Məktəblilər Qarabağda törədilən soyqırımları haqqında maarifləndirilib
Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində maarifləndirici görüşlər keçirilib.
Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçirilən görüş “XX əsrdə Qarabağda baş vermiş soyqırımları” mövzusunu əhatə edib. Görüşdə kompleksin əməkdaşları Sübhan Talıblı, Abutalib Turabov, məktəbin direktoru Sevinc Niftiyeva, təhsil ocağının kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyəti barədə məlumat verilib, azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı soyqırımı nəticəsində minlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, on minlərlə azərbaycanlının isə böyük qəddarlıqla qətlə yetirildiyi arxiv sənədlərini göstərməklə məktəblilərin diqqətinə çatdırılıb.
Digər görüş isə Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə “XX əsrdə Qarabağda tarixi, mədəni və dini abidələrə qarşı erməni vandalizmi” mövzusunda təşkil olunub.
Məktəbin direktoru pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Qənirə Əmircanova şagirdlərin maarifləndirilməsində tariximizin unudulmaması üçün təşkil olunan belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları bildiriblər ki, erməni təcavüzünün qurbanı olmuş dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumat toplamaq çox çətindir. Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycana köçürülən ermənilər müxtəlif vaxtlarda torpaqlarımızı, sonra orada yaşayan soydaşlarımızı, daha sonra isə minlərlə tarixi abidələrimizi işğala məruz qoyaraq məhv ediblər.
Tədbirlərin sonunda kompleks əməkdaşları tərəfindən təhsil ocaqlarının rəhbərliyinə, fərqlənən şagirdlərə təşəkkürnamə, sertifikatlar, kompleksin fəaliyyətinə aid kitab və müxtəlif adda çap məhsulları təqdim olunub.