31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Qulaməli Balaşov
ADPU-nun Riyaziyyatın İbtidai kursunun tədris texnologiyası kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, "Qabaqcıl təhsil işçisi", YAP-ın üzvü