“Politico” Ukrayna hakimiyyətinin planından yazdı: "Zelenski ölərsə, ölkəni kim idarə edəcək?"
Ukrayna hakimiyyətinin Prezident Volodimir Zelenski öləcəyi təqdirdə atılacaq addımlarla bağlı planı var, baxmayaraq ki, Kiyev bu barədə açıq danışmaqdan imtina edir.
Bu barədə “Politico” nəşrində məqalə dərc olunub.
Nəşrin yazdığına görə, Ukrayna liderinin öldürülməsi ehtimalı nə Ukraynada, nə də Qərbdə diqqətdən kənarda qala bilməz.
Başa düşmək lazımdır ki, Zelenski sadəcə formal dövlət başçısı deyil. O, Rusiya ilə mübarizəyə beynəlxalq dəstəyin cəlb edilməsində əsas rol oynayır.
“Həyatı ilə bağlı təhlükə səbəbindən Zelenskinin xarici ölkələrə səfərləri son dərəcə məxfiliklə planlaşdırılır. Ukrayna rəsmiləri bu ilin fevralında onun Brüsselə planlaşdırılan səfəri ilə bağlı məlumatlar ortaya çıxdıqda hiddətə gəlmişdilər. Belə ki, Zelenskinin gözlənilən səfərinə üç gün qalmış bu barədə xəbərlər yayılmış və bununla da onun səfəri təhlükə altına atılmışdı”, - deyə nəşr qeyd edib.
Bildirilib ki, Ukrayna Konstitusiyasına əsasən, hakimiyyət xətti aydındır: əgər prezident öz vəzifələrini yerinə yetirə bilmirsə, o zaman bunu Ali Radanın rəhbəri, yəni Ruslan Stefançuk edir. Hazırda o, yüksək etimad reytinqinə malik olmasa da, zərurət yaranacağı halda bu, problem olmayacaq.
“Güclü liderlər komandası var və məncə, biz kollektiv hökumət görəcəyik”, - deyə Atlantik Şurasının Avrasiya Mərkəzinin baş elmi işçisi Adrian Karatniski hipotetik vəziyyətlə bağlı fikrini bildirib.
“Ölkə çox mühüm həmrəylik və milli birlik nöqtəsinə çatıb. Ona görə də Zelenskinin başına dəhşətli nə isə gəlsəydi, bu, düşündüyünüz qədər də həlledici olmazdı”, - deyə o əlavə edib.
Fövqəladə vəziyyət yaranarsa, Ukraynaya Ruslan Stefançuk, Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovun rəhbərlik edəcəyi ilə bağlı məqalədə fərziyyələr irəli sürülüb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının isə öz vəzifəsində qalacağı qeyd edilib.