Prezidentin ən yaxın silahdaşı kimi Mehriban Əliyevanın təyinatı dövlətçilik yolunda arzuolunan qərardır
Hər bir dövləti qüdrətli edən - zamanında verilmiş düzgün qərarlar, vaxtında həyata keçirilən dəyişikliklər, ən mühümü isə ali vəzifələrdə bunun yüksək məsuliyyətini daşımaq gücünə malik doğru insanların olmasıdır. Bütün bunlar ölkəni gücləndirərək sarsılmaz edir, xalqın istək və arzularının reallaşmasına yol açır, cəmiyyəti narahat edən istənilən problemin həllini tapmasına yardımçı olur.
Bu baxımdan 2017-ci ilin 21 fevralında Azərbaycanın milli dövlətçilik tarixində yeni bir səhifə başlandı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi. Vətəndaşlarımızın ürəyindən xəbər verən bu addım adi bir vəzifə təyinatı deyildi. Son illərdə ölkəmizdə ardıcıl şəkildə aparılan islahatların, baş verən dəyişikliklərin bundan sonra daha da sürətlənəcəyinin, Azərbaycanda müsbətə doğru əsaslı dəyişikliklərin baş verəcəyinin, idarəetmə sistemində də, ümumən, cəmiyyətimizdə də tamamilə yeni bir dövrə keçidin xoş müjdəsi idi.
Mehriban xanım Əliyeva bu təyinata qədər də dövlət-vətəndaş münasibətlərində yeni dəyərlər sisteminin formalaşmasına, ictimai inkişafa, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmləndirilməsinə, mədəniyyətimizin təbliğinə fədakar əmək sərf etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin öz məqsədlərinə çatması, böyük uğurlar qazanması üçün dövlət rəhbərimizin ən yaxın silahdaşı kimi köməyini heç zaman əsirgəməmişdir.
Ölkəmizin birinci xanımının 2004-cü ildə yarandığı ilk vaxtlardan on minlərlə insanın ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun rəhbəri kimi yerinə yetirdiyi ictimai missiya, Milli Məclisin deputatı statusunda yaratdığı millət vəkilliyi örnəyi, ən əsası təşkilatçılıq qabiliyyəti, problemləri yoluna qoymaq əzmi, insanların halından anlamaq duyğusu, onların sevincini də, kədərini, qayğısını da hiss edə bilməsi Mehriban xanımı hamıya doğmalaşdırmışdı. Ona görə də Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanı daha yüksək dövləti kürsülərdə görmək və onun xalqı qarşısında üzərinə böyük məsuliyyət götürməsini arzulayırdılar. Azərbaycan Prezidenti 21 fevral 2017-ci il tarixli sərəncamı ilə vətəndaşlarımızın bu arzusunu reallaşdırdı.
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi insanlarımızda rahatlıq yaratdı. Bu təyinat onun xoş sorağı idi ki, bundan sonra ölkənin idarəetmə sistemində inkişafa doğru dəyişikliklər daha sürətli baş verəcək. Atılan addımlar, verilən qərarlar qısa zamanda öz hədəfinə çatacaq. Dövlət-vətəndaş münasibətləri daha da doğmalaşacaq. Mühafizəkar düşüncəli kimlərsə vaxtilə onlara həvalə edilmiş vəzifə səlahiyyətlərindən istifadə edərək dəyişikliklərə icra proseslərində müxtəlif üsullarla maneə yarada bilməyəcəklər.
Nəticələri Mehriban xanımın 1995-ci ildən cəmiyyətin diqqəti qarşısında həyata keçirdiyi və Azərbaycan üçün çox böyük faydalar gətirən ictimai fəaliyyətindən görmüşdük. Ölkənin birinci xanımı 1995-ci ildən - hələ Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratdığı və "Azərbaycan İRS" jurnalının nəşrinə başladığı günlərdən bəri Vətən naminə müxtəlif vəzifələr yerinə yetirmişdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bu ictimai vəzifələrin hər birində Azərbaycanın keçmişinə dərin sayğı duyan, amma bu gününə və gələcəyinə də bacardığı faydaları vermək istəyən vətənpərvər bir xanımın dərk edilmiş məsuliyyəti öz ifadəsini tapır: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız".
Bunlar söz xatirinə deyilmiş adi kəlmələr deyil. Mehriban xanım Əliyevanın həyatı, yer üzünün ən dəyərli əşrəfi olan insanın ictimai missiyasını dərk etdiyi anlardan seçilmiş həyat qayəsidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini də məhz belə bir məsuliyyət duyğusu ilə qəbul etdi və artıq daha geniş çevrədə, bu dəfə ümumdövlət səviyyəsində, daha böyük dövrədə fayda yaradacaq şəkildə davam etdirməyə başladı.
İllərdir ki, Azərbaycan cəmiyyəti və dünya Mehriban xanım Əliyevanı uşaq evlərindəki, internat məktəblərindəki kimsəsiz körpələrin, qocalar evlərindəki ahılların doğma hamisi kimi tanıyır, rəğbət bəsləyir. Dövlətimizin bu sahələrlə bağlı həmişə sosial proqramları olub, bu proqramlar müəyyən səviyyədə yerinə yetirilib. Birinci xanımın yaratdığı fərq isə odur ki, o, dövlətə sığınmış kimsəsiz körpələrlə, qocalarla bağlı proqramları hər hansı inzibati iş, dövləti vəzifə kimi yerinə yetirmir. Mehriban xanım Əliyeva bu yerlərin sakinlərinə doğma ana, doğma övlad kimi yanaşır, onlara sahib çıxır. Beləliklə, dövlətlə vətəndaş arasındakı münasibətlər daha da yaxınlaşır, vətəndaşın öz dövlətinə inamı, güvəni güclənir.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətimizin səhiyyə sahəsindəki sosial proqramları da yüksək diqqətlə, hər bir detal nəzərə alınmaqla, ciddi nəzarət altında və müasir tələblərə uyğun şəkildə həyata keçirilir. Səhiyyə xidmətləri vətəndaşlarımız üçün getdikcə daha əlçatan olur. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və birbaşa təşkilatçılığı ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi olduqca əhəmiyyətli layihələr, Bakıda yaradılmış müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları hər il minlərlə insanın həyatını xilas edir.
İki il öncə bütün dünyanı çənginə almış COVID-19 koronavirus pandemiyasının ağır təhlükələr törətdiyi, insanların sağlamlığı üçün qapanmaların zəruri olduğu günlərdə Mehriban xanımın cəmiyyətimizə narahat mesajlarını, çağırışlarını, bütün bunların yaratdığı ictimai rəğbəti, effektiv nəticələri də yaxşı xatırlayırıq.
Mehriban xanım Əliyeva xeyir əməllər carçısıdır. Xeyir əməllərin olduğu hər yerdə onu görə, adını duya bilərik. Bu günlərdə qardaş Türkiyədə baş verən və Azərbaycan xalqını da sarsıdan zəlzələdən zərərçəkənlərə yardım zərurətinin yarandığı anlarda da belə oldu. Zəlzələdən dərhal sonra Mehriban xanımın təşkilatçılığı, yaxından iştirakı ilə yardım dolu təyyarələr, yük maşınları Türkiyəyə göndərildi. Cəmiyyətimizin, vətəndaş cəmiyyəti institutlarımızın qardaş ölkəyə sistemli, mütəşəkkil dəstəyi təmin olundu. Azərbaycanın çətin sınaqla üzləşmiş qardaş ölkəyə köməyi, maddi və mənəvi dəstəyi yenə davam etməkdədir.
Mehriban xanım Əliyeva illərdir ki, Azərbaycanın Birinci vitse-prezidentidir. Bu illər ərzində, bəlkə də, o qədər böyük müddət deyil. Amma bu qısa zamanda görülmüş işlərin mahiyyəti, əldə edilmiş uğurların miqyası milli dövlətçilik tariximizin çox əhəmiyyətli bir səhifəsinə çevrilib.
Səfərov Fuad Nuşrəvan oğlu
Xəzər rayonu 25 saylı Notariat ofisininin xüsusi notariusu