Generaldan xəbərdarlıq: İsrail bir il ərzində dağılacaq - Onu və dostlarını dəyişməliyik
İsrailin istefada olan general-mayoru Yitzhak Brik HƏMAS və Hizbullaha qarşı müharibənin davam edəcəyi təqdirdə ölkəsinin uzağı bir il ərzində dağılacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Brik “Haaretz” qəzetindəki məqaləsində İsrailin müdafiə naziri Yoav Qalantın müharibə boyu verdiyi açıqlamaların çoxunun əsassız olduğunu bildirib.
“Qalant Qəzza şəhərinin qurudan işğalından sonra İsrailin bütün şəhərə və onun tunellərinə hakim olduğunu və HƏMAS-ın qısa müddətdə təslim olacağını bildirib. O, Xan Yunisin işğalından sonra HƏMAS lideri Yəhya əs-Sinvarın tunellərdən təkbaşına qaçdığını, adamlarına nəzarəti itirdiyini və bir neçə gün ərzində tutulacağını iddia edib", - deyə Brik örnək olaraq qeyd edib.
O, Qalantın bu açıqlamalar ilə İsrail xalqını çaşdırdığını vurğulayıb:
“Qallant müharibənin öz məqsədindən uzaqlaşdığını, İsrailin Qəzza bataqlığına düşdüyünü və ordunun əsas məqsədinə (HƏMAS-ın məğlubiyyəti) nail olmadan getdikcə daha çox əsgər itirdiyini anlamağa başladı. İsrail uçurumun kənarına doğru gedir. HƏMAS və Hizbullaha qarşı müharibə davam edərsə, ən çoxu bir il ərzində süqut edəcək”.
Brik məqaləsində Netanyahunun İsrailin təhlükəsizliyi üçün insanlığını, mənəviyyatını, dəyərlərini və məsuliyyət hissini itirdiyini, yalnız onun və dostlarının dəyişməsinin İsraili xilas edə biləcəyini qeyd edib.
O, bəyan edib ki, İsrail ekzistensial məğlubiyyət vəziyyətinə düşüb və tezliklə geri dönüşü olmayan bir nöqtəyə çata bilər.