Xankəndidən İrəvana qaçan separatçıların kütləvi həbsi başlayır
Ermənistan hakimiyyəti ötən il Xankəndidən İrəvana qaçan separatçıların kütləvi şəkildə həbsinə başlayır. Ləğv edilmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan da həbs olunacaq şəxslərin siyahısındadır.
“Hraparak” nəşri separatçılara qarşı cinayət işinin başlanıldığını yazır.
“Ermənistan hakimiyyəti onlara qarşı bilərəkdən iddialar irəli sürür. Bir neçə ay əvvəl Samvel Şahramanyan 366 avtomobil haqqında hakimiyyətə məlumat verib, bununla bağlı müzakirə aparmağı təklif edib. Lakin hakimiyyət cavab vermədi, mövzunu arxa plana keçirdi. Aylar sonra polislər maşınları müsadirə edərək, cinayət işi qaldırdı. Görünür bu, həbslərin başlanması üçün lazım olub”, - nəşr yazır.
İşğal dövründə Xankəndinin qondarma “meri” olmuş Davit Sarkisyan və Əsgəranın qondarma “meri” olan Hayk Şamiryan həbs olunub. Başlanan cinayət işi çərçivəsində separatçılardan 256 avtomobil müsadirə olunub. Gözləntilərə görə, Şahramanyan da daxil olmaqla separatçılar həbs olunacaq.