“Hesablama Palatası və Maliyyə Nazirliyi nəzarəti daha da gücləndirir ki...” - GƏLİŞMƏ
Azərbaycanda dövlət qurumları, büdcədən böyük həcmdə vəsait ayrılan, dövlət zəmanəti ilə xarici kreditlər alan konsern, agentlik, publik hüquqi şəxslər, ASC və QSC-lər, həmçinin dövlət vəsaiti hesabına maliyyələşən layihələrdə iştirak edən kommersiya qurumlarının maliyyə hesabatlılığı uzun illərdir ən ciddi problemlərdən biri olaraq qalır. Bu qurumlar bir qayda olaraq illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etsələr də, qanunvericiliyin tələbinə əməl etməyərək həmin hesabatları ictimailəşdirmirlər.
Xəbər verdiyimiz kimi, hər il olduğu kimi, bu il də Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını açıqlamalı olan, həmçinin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməli olan qurumlara xəbərdarlıq edib. Nazirlik həmçinin dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslərə də xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, bu qurumlar “Mühasibat uçotu haqqında” Qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Bu qurumlardan eyni zamanda maliyyə hesabatlarını qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur.
Nazirliyin xəbərdarlığına baxmayaraq, bir çox qurumlar qanunu pozaraq öz maliyyə hesabatlarını ictimaiyyət üçün əlçatan etmirlər. Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, dövlət zəmanəti ilə kredit alan qurumların maliyyə hesabatlılığı məcburidir: “Dövlət zəmanəti ilə kredit götürən təşkilatlar 6 aydan bir öz maliyyə fəaliyyətləri ilə bağlı məlumatları həm Maliyyə Nazirliyinə, həm də kredit aldıqları qurumlara təqdim edirlər. Maliyyə Nazirliyinə ona görə hesabat verirlər ki, dövlət adından zəmanəti bu qurum verir. Maliyyə Nazirliyi belə qurumlar üzərində nəzarəti getdikcə artırır”.
Millət vəkilinin fikrincə, bütün qeyd olunan qurumlar öz maliyyə hesabatlarını qanunvericiliyə uyğun qaydada ictimaiyyətə açmalıdılar: “Qanunvericilikdə hər şey açıq şəkildə əksini tapıb. Hesablama Palatası da, Maliyyə Nazirliyi də nəzarəti getdikcə artırırlar. Onlar çalışırlar ki, həm büdcədən ayrılan vəsaitlərin, həm dövlət zəmanəti ilə alınan kreditlərin xərclənməsində şəffaflıq təmin olunsun”.
“Yeni Müsavat”