Əli Həsənov yenə də fəxr edirmi? - GƏLİŞMƏ
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri, Prezidentin sabiq köməkçisi Əli Həsənovun topdağıtmaz sərvəti müzakirə mövzusudur.
Yenisabah.az xatırladır ki, Əli Həsənovun varidatının siyahısı sosial şəbəkələrdə yayılıb. Təxmini hesablamalara görə keçmiş köməkçinin sərvətinin dəyəri 2 milyard manatdan çoxdur.
İki gündür sosial şəbəkələrin və medianın gündəmində bu məsələ olsa da, Əli Həsənov susur. Nədənsə, keçmiş köməkçi bu barədə danışmağa həvəsli görünmür.
Halbuki 6 il əvvəl oxşar iddialara dərhal cavablandırmışdı. Söhbət 2014-cü ildə keçmiş köməkçinin və ailəsinin biznes şəbəkəsi barədə araşdırma yazısından gedir. O zaman Əli Həsənov hələ Prezidentin köməkçisi deyildi, ictimai-siyasi şöbənin müdiri vəzifəsini daşıyırdı. Lakin hakimiyyətin toxunulmaz fiqurlarından hesab edilirdi. Yaxud da özü belə düşünürdü. Elə bu səbəbdən araşdırma məqaləsindəki faktlara saymazyana münasibət bildirmişdi.
O, açıq şəkildə məqalədəki faktların doğru olduğunu bəyan etmiş və ailəsinin biznesi ilə fəxr etdiyini söyləmişdi: "Azadlıq Radiosunun yazdığı şeylərin hamısı doğrudur və mən ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm".
"Onların bəzisinin fəaliyyəti var, bəzisinin fəaliyyəti yoxdur. Sadəcə firma olaraq mövcuddur. Mənim oğlum da, xanımım da o firmaları yaradıb və onların da faəliyyəti ilə məşğuldurlar".
Lakin Əli Həsənov məmur maaşı ilə necə biznes imperiyası qurmasına aydınlıq gətirməmişdi.
Keçmiş köməkçinin bu açıqlaması həmin vaxt ictimai müzakirələr səbəb olmuşdu. Əli Həsənov isə bundan narahat görünmürdü.
Bu dəfə isə keçmiş köməkçi susmağa üstünlük verib. Görünür, fərqindədir ki, artıq əvvəlki gücü qalmayıb, hakimiyyətdəki dayaqları sıradan çıxıb. Belə bir vəziyyətdə onun “mən siyahıdakı varidatımla fəxr edirəm” deməsi əlbəttə onun üçün ciddi problemə çevrilə bilər. Altı il əvvəl ailəsinin biznesi ilə fəxr etdiyini çəkinmədən bəyan edən cənab Həsənov indi hətta iddiaları təkzib etməkdən ehtiyatlanır.