bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik” - Pənah Hüseyn

16-09-2020, 12:13 127 dəfə baxılıb

“Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik” - Pənah Hüseyn
Azərbaycanda iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələnin başlandığını söyləmək olar. Hakimiyyət dialoq tərəfdarı olan siyasi rəqibləri ilə danışıq aparır, illərdir qeydiyyatı olmayan partiyalar dövlət qeydiyyatından keçir, hətta təşkilat sədrinə Prezidentin təbriki ünvanlanır.

Bu formatın təşkilində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin xüsusi iştirakı var. Ə.Vəliyev partiya sədrləri ilə görüşür, fikirlərini öyrənir, problemləri onların dilindən eşidir. Əlbəttə, bu prosesin məntiqi ardıcıllığı olaraq iqtidar-müxalifət dialoqunun baş tutması gözlənilir. Eyni zamanda müxalifət partiyalarının liderləri ilə ölkə rəhbərliyinin görüşü milli barışın əldə edilməsi istiqamətində atılmış mühüm addım olardı.

Necə ki, bundan əvvəl Prezidentin mədəniyyət xadimləri, ziyalılar, fərqli fikir adamları ilə görüşləri olub. Həmçinin Prezident köməkçisi Anar Ələkbərov bu siyasəti davam etdirib, tanınmış siyasi xadimlər, yazarlar, ziyalılarla görüşlər keçirilib.

Ümumiyyətlə, son illər hakimiyyətin bütün istiqamətlər üzrə siyasətində ciddi dəyişikliklər müşahidə edilir. Ənənəvi siyasətdən imtina edildiyi, bunun yerinə təzə yanaşmanın gəldiyi danılmazdır. Bəs müxalif partiyaların sədrləri nə düşünür? Əgər Prezidentlə görüş olsa, hansı məsələlərə toxunarlar, müzakirəni hansı formatda təsvir edərlər?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, belə bir görüş olarsa, orada iştirak etməkdə problem görmür. Onun sözlərinə görə, bu barədə suallar ilk növbədə iqtidara verilməlidir: “Əgər müzakirələr təşkil olunarsa, iştirak edərik”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, hələ 2011-ci ildə “Demokratiyaya yumşaq keçid” strategiyasını irəli sürmüşdü və ictimaiyyətə təqdim etmişdi. S.Əkbərin sözlərinə görə, Ədalət Vəliyevlə görüşdə ondan təkliflər istənilib və sözügedən sənədi yeniləyərək hakimiyyətə təqdim edib: “Bu haqda mətbuata da məlumat vermişəm. Həmin sənəddə atılmalı olan addımları göstərmişəm. Ona görə təbii ki, dialoq olmadan bu strategiyanın həyata keçirilməsi mümkün deyil”. S.Əkbərin fikrincə, təmas baş tutmalıdır ki, iqtidar-müxalifət münasibətləri inkişaf etsin: “Hələlik iqtidarla müxalifət arasında təmas istənilən səviyyədə deyil. Dövlət başçısı müxalifətlə görüşməlidir. İki səbəbdən bu görüş vacibdir: ölkədə xüsusən siyasi qərarlar Prezidentin razılığı olmadan verilmir, ikincisi, bu təmas olmalıdır ki, demokratiyaya yumşaq keçid strategiyası reallaşsın. Ona görə müxalifət dialoqun yüksək səviyyədə qurulmasını istəyir. Hətta bu görüşə qədər hazırlıq da ola, texniki məsələlər həllini tapa bilər”.

AMİP sədri Arzuxan Əlizadənin fikrincə, belə bir görüşün olması hakimiyyətlə müxalifət arasında dialoq mühitinin formalaşmasına xidmət edə bilər. Partiya lideri hesab edir ki, bu təşəbbüs iqtidardan gəlməlidir və AMİP görüşdə iştiraka hazırdır: “Bizim Ədalət Vəliyevlə görüşlərimizdə özü bildirir ki, müzakirə edilən məsələlər Prezidentə məruzə olunur, məlumatlandırılır. Amma bilavasitə prezidentlə görüş daha effektiv olardı. Həmin görüşdə ölkənin bir sıra taleyüklü məsələlərini müzakirə edə bilərik. Düşünürəm ki, Prezidentlə birbaşa təmasda veriləcək təkliflər problemlərin həllini tapmasında daha effektli ola bilər”.

A.Əlizadənin sözlərinə görə, ölkədə siyasi partiyaların fəaliyyət imkanları məhdudlaşdırılıb: “Prezident özü də qeyd edir ki, son dövrlərdə yeni siyasi konfiqurasiya formalaşmaqdadır. Dəfələrlə demişik ki, partiyaların sıradan çıxarılması dövlətçiliyə ziyandır, əks halda, kimlərsə dini radikal qruplaşmalara, qeyri-leqal qruplara qoşulurlar, bu da dövlət üçün təhlükədir. Ona görə barış mühiti yaranmalıdır, insanlar müxalif partiyalarda təmsil olunmaqdan qorxmamalıdırlar. Biz bu illər ərzində partiya işinə dəstək verən iş adamlarının sıxışdırılmasının, biznesinin qapadılmasıın şahidi olmuşuq. Nəticədə ölkənin fəal hissəsinin partiyalarda təmsilçiliyi karyera üçün təhlükəli həddə çatıb. Əgər görüş təşkil olunarsa, bu məsələlərə toxunmaq olar. Eyni zamanda müxalifətdə olan kadrların idarəçilikdə təmsilçiliyini təklif edə bilərik. Təbii ki, ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağ probleminin beynəlxalq təşkilatlar qarşısında qaldırılması barədə təklifləri Prezidentlə görüşdə səsləndirmək fayda verə bilər. Ümumiyyətlə, bu görüş ölkənin imicinə müsbət təsir göstərə bilər və bir yenilik olar”.

AĞ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, Prezidentin mədəniyyət xadimləri ilə görüşünü həm cəmiyyət, həm siyasi təşkilatlar təqdir etmişdi: “Dövlət başçısının mədəni, siyasi, iqtisadi elitası ilə ünsiyyətdə olması pozitiv hadisədir. O dövrdə gözləntilər var idi ki, Prezidentin partiya sədrləri ilə görüşü keçiriləcək. Bir çox partiyalar, o cümlədən biz dəvət olduğu halda məmnuniyyətlə həmin görüşdə iştirak edə biləcəyimizi açıqlamışdıq”.

T.Abbaslı hesab edir ki, Prezidentlə partiya sədrlərinin görüşü baş tutsa, müzakirələrdə mövzu qıtlığı ola bilməz: “Ölkədə siyasi arenanın vəziyyəti, çoxpartiyalı sistemdəki problemlər, parlamentin formalaşması, Seçki Məcəlləsi, siyasi məhbuslar və Qarabağın işğaldan azad olunması müzakirə edilə bilər. Fikrimcə, nəinki bir dəfə, mütəmadi və qrafikə salınmış qaydada Prezidentlə partiya sədrlərinin görüşü, fikir mübadiləsi aparması ənənəyə çevrilməlidir. İqtidarla müxalifətin bir araya gəlməsinin faydasını xalq görəcək. Biz bir daha görüşə açıq olduğumuzu bildiririk”.
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930