bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Küçələrdə batan məhsulun faydalı və təhlükəli tərəfləri - FOTO

18-06-2022, 18:50 74 dəfə baxılıb

Küçələrdə batan məhsulun faydalı və təhlükəli tərəfləri - FOTO
Bir çoxları hesab edirlər ki, yol kənarında bitən ağacların barı toplanmalı və istehsala yönəlməlidir. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar. Onlar iddia edirlər ki, o ağacların məhsulu ekoloji cəhətdən yararlı deyil.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Meyvə mövsümündə Bakıda və regionlarda yol kənarında xeyli sayda müxtəlif növ meyvə ağaclarına rast gəlmək olar. Bu meyvələrdən yol kənarından keçən və ərazidə yaşayan sakinlər istifadə edirlər. Xüsusilə uşaqlar bu meyvələri toplayıb yeməkdə daha çox maraqlı olurlar. Amma yol kənarındakı tut, ərik, qoz, fındıq və digər bu kimi ağacların meyvələri əksər hallarda tökülüb yerlə bir olur və demək olar ki, israf olunur.

Maraqlıdır, küçələrdə batıb gedən bu məhsuldan yararlanmaq olmazmı? Xarici təcrübə necədir? Axı xarici ölkələrdə də küçə boyu bar verən ağaclar çoxdur. Onlarda da bu məhsul israf olunur, yoxsa...

Ola bilsin ki, xarici ölkələrdə yol kənarında bitən bu ağacların meyvələri toplanaraq istehsala yönləndirilir. Azərbaycanda isə yalnız zeytun yığımı mövsümündə buna rast gəlirik. İnsanlar zeytunu toplayıb istehsal müəssisələrinə təhvil verirlər. Ancaq misal üçün, tuta yiyə çıxan yoxdur. Bakının küçələrində isə tut ağacları bəs deyincədir. Bol məhsulu da olur. Amma təəssüf ki, bu məhsul ancaq küçələri çirkləndirir. Bir də tək-tük insanlar ağızlarına bir-iki tut atıb damaq dadını dəyişirlər, vəssalam. Ancaq tut istehsala yönəldilsə, ondan nə hazırlamaq olmaz ki... Bəhməz, mürəbbə, tut qurusu və s.

Faydalı və təhlükəli tərəfləri

Bəlkə, ümumiyyətlə səhv düşünürük, küçələrdəki ağacların meyvələri ekoloji cəhətdən yararlı deyil? Bir çox mütəxəssislər yabanı halda bitən meyvələrin insan orqanizminə ziyanlı olduğunu deyirlər. Onların fikrincə, faydalı aktiv maddələr yol kənarında bitən ağacların meyvələrində yox səviyyəsindədir. Meyvənin yetişməsi üçün becərilməsi və suvarılması önəmli hesab olunur. Küçələrdəki ağaclarda isə meyvə kortəbii yolla yetişir. Üstəlik, avtomobillərlə yaxın təmasda olduğundan, ekoloji cəhətdən də faydalı hesab olunmur. Lakin faktiki olaraq, göz görə-görə hər il tonlarla məhsul küçələrdə batıb gedir. Bəs görəsən, ekspertlər bu məhsuldan istifadəni məqbul hesab edirlərmi? Küçələrdə yetişən meyvələrin insan orqanizmi üçün hansı faydalı və təhlükəli tərəfləri var? Ümumiyyətlə, bu məsələ meyvəçilikdə hansı əhəmiyyəti kəsb edir? Bütün bu sualları mütəxəssislər cavablandırıblar.

“Gigiyenik cəhətdən düzgün deyil”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirdi ki, yol kənarında yetişən meyvələrin toplanıb istehsala göndərilməsi mümkün deyil:

“Təbii ki, bu, bütün meyvələrə şamil olunmur. Misal üçün, indi mövsümə uyğun olaraq tutun toplanması və ondan nə isə hazırlamaq gigiyenik cəhətdən düzgün deyil. Çünki avtomobillərdən havaya buraxılan zərərli qazlar bu meyvələrin üzərinə oturur və bu səbəbdən də yol kənarında bitən tutun yeyilməsi məsləhət deyil. Tutdan fərqli olaraq, qoz, fındıq kimi meyvələr istehsala yönəldilə bilər. Çünki bu meyvələr qabıqlıdır və heç bir təhlükə yoxdur”.

“Emalın həcmi çox kiçikdir”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, yol kənarlarında olan məhsullar ciddi iqtisadi potensiala sahib deyil. Çünki yol kənarında bitən meyvələrin növü müxtəliflik təşkil etmir, əsasən, ənənəvi ağaclar olur. Bundan da əksər hallarda ərazidə yaşayan sakinlər istifadə edirlər. Həmin sakinlər, ola bilər ki, qeyd etdiyiniz tut, ərik, qoz və digər meyvələrdən bəhrələnsinlər. Eyni zamanda da sakinlər həmin meyvələri kustar üsulla emal edirlər. Bu emalın da həcminin çox kiçik olduğu qənaətindəyəm”.

C.İbrahimli vurğulayır ki, ümumilikdə ölkədə meyvə və giləmeyvə istehsalına marağın artırılması və itkilərin minimum səviyyəyə salınması üçün regionların potensialına uyğun emal müəssisələrinin yaradılması vacibdir:

“Bunun üçün də lazımi addımlar atılmalıdır. Bir daha qeyd edim ki, yol kənarındakı meyvələrin məhsuldarlıq potensialı çox aşağıdır və bu, bir o qədər əhəmiyyət kəsb etmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930