Paşinyan “hazırıq” dedi: Azərbaycandan yollar, kəmərlər Ermənistandan keçərək Türkiyəyə çatmalıdır
Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə vermək Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına önəm verirəm.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın “Katimerini” nəşrinə eksklüziv müsahibəsində deyib.
“Dünyanın kəsişməsi” layihəsi bir tərəfdən Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında tutumun, avtomobil yolu ilə yükdaşımaların, boru kəmərlərinin, elektrik xətlərinin və internet kabellərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İran İslam Respublikasına gedən dəmir yolu üçün ən optimal marşrut Azərbaycanın Naxçıvanından keçir və bu dəmir yolu sovet dövründə mövcud olub. Bu, “Dünyanın kəsişməsi”nin Şimal-Cənub marşrutudur.
Həmçinin Xəzər dənizini Ermənistan ərazisi ilə Aralıq dənizinə birləşdirə biləcək Şərq-Qərb qanadı, həmçinin Qara dənizdəki Türkiyə limanları var. Bunun üçün Azərbaycandan Ermənistana keçən dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Türkiyəyə çatmalıdır. Və biz belə qərarlara hazırıq.
Üstəlik, bu yolun infrastrukturu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün də istifadə oluna bilər və biz buna da hazırıq. “Dünyanın kəsişməsi” layihəsində bütün bu infrastrukturların işləməsi üçün biz məlum prinsipləri müəyyən etmişik:
- Bütün infrastrukturlar ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır.
- Hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həm də təhlükəsizliyi təmin edir
- Göstərilən infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər
"Bütün ölkələr bərabərlik və qarşılıqlılıq prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə edir", - Paşinyan bildirib.