bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Heydər Əliyev Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisidir

29-05-2019, 11:29 310 dəfə baxılıb

Heydər Əliyev Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisidir


Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.
Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilmiş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ulu öndərimiz fəaliyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də keçmiş ittifaqda rəhbər vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. O, dəfələrlə xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə əleyhdarlarını yerində oturtmuşdur.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 70 il böyük qardaş hesab etdiyimiz rus ordusu yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 Yanvar qırğınını törətdiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri kəskin tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını açıqca bildirmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Bütün bunlar isə Heydər Əliyevin xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünya görüşünə, hərtərəfli dərin savada malik, millətini və dövlətini hər şeydən uca tutmağı bacaran bir insanın vətəninə və millətinə olan sevgisindən irəli gələn bir tələbat idi.
Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
Başqa sözlə desək, siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı.
Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Bütün bunlara görə, həm də milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
Unudulmaz şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti dövründə xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsinə səy göstərmiş və buna nail olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı mühüm əhəmiyyət kəsb etdi. Qurultay xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu.
Qeyd etdiyimiz kimi, təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya gətirmək təklifi ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən, Azərbaycanı inkişaf etdirməkdən ibarət olmuşdur. Bu gün Heydər Əliyev ideyalarına sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev də xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızla əlaqələri daha da möhkəmləndirmək və qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi bunun bariz nümunəsidir.
Qurultay Azərbaycanın sürətli inkişafı və beynəlxalq arenada siyasi mövqeyinin daha da gücləndirilməsi istiqamətində tarixi işlərin görülməsinə şərait yaratmışdır. Məhz dünya azərbaycanlılarının, ümumilikdə türk diaspor təşkilatlarının bir amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların qəbul edilməsinin və bu istiqamətdə görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, artıq dünyada güclü, öz sözünü deyə bilən, siyasi proseslərə təsir etmək iqtidarında olan diaspor təşkilatları formalaşdırılmışdır. Bir məsələni qeyd etmək lazımdır ki, 2009-cu ildə Xocalı faciəsinin qurbanları, demək olar ki, bütün dünya ölkələrində anıldı, hadisələrin səbəbləri, mənfur ermənilərin və onların havadarlarının insanlığa yaraşmayan simaları bütün dünyaya nümayiş etdirildi. Müstəqilliyimizin ilk illərində dahi rəhbər Azərbaycan dövlətinin və ölkə iqtisadiyyatının labüd fəlakətdən, hərc-mərclikdən xilas edilməsi istiqamətində mühüm addımlar atdı, ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı kimi bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu (6,1 milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər.
“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.
Ümumilikdə neft strategiyası ilə sürət götürən Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası sonrakı illərdə daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə Dövlət Proqramları da qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə sabitliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri olur”.
Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət başçısı möhtərəm Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.
Aydındır ki, istənilən sahədə görülən işlərin nəticəsi icraçı kadrların təcrübə və dünya görüşündən çox asılıdır. “Hər şeyi kadrlar həll edir” prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 1960-70-ci illərdə, məhz Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin qayğısı sayəsində dünyanın aparıcı universitetlərində dərin biliyə, geniş dünyagörüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır.
Hörmətli akademikimiz Ramiz Mehdiyevin dərin məzmunu ilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb olmuş “ZAMAN HAQQINDA DÜŞÜNƏRKƏN və ELİTANI TRANSFORMASİYA EDƏRKƏN: VARİSLİK VƏ İNNOVASİYALILIQ” adlı məqaləsində qeyd olunduğu kimi: “Müasir Azərbaycanın milli elitasının formalaşması ümumən bir neçə mərhələdən ibarət olmuş və ötən əsrin 70-ci illərində, Heydər Əliyevin göstərişinə əsasən, minlərlə gənc azərbaycanlı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif şəhərlərinə göndəriləndə, o dövrdə hələ Sovet Azərbaycanı adlanan ölkəmizin təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi, siyasi elitasının formalaşmasına böyük diqqət yetirilməyə başladığı dövrdə xüsusilə nəzərəçarpan xarakter almışdı. Həmin qərarların qəbul edilməsi ilə əlaqədar siyasi çətinliklərə baxmayaraq, məhz onlar kadrların regenerasiyası, rotasiyası, əvəzlənməsi və dövlət qulluğunda işə yeni, intellektual və zirək gənclərin cəlb olunması prosesinin başlanmasına kömək etmişdir”.
Göründüyü kimi, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, xalqı və dövləti güclü idarəetmə qabiliyyətinə malik gənc liderə – İlham Əliyevə etibar etdi. Məhz ulu öndərin böyük uzaqgörənliyi sayəsində bu gün ölkə Prezidenti İlham Əliyev öz komandası ilə Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında dövlət idarəçiliyində çalışan kadrların hər birinin öz xidmətləri və məsuliyyəti vardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, belə idarəetməni və onu həyata keçirmək üçün komandanı, təbii ki, yalnız dahi Heydər Əliyev məktəbini keçmiş, ondan tərbiyə almış və zəngin idarəetmə qabiliyyətinə malik olan möhtərəm İlham Əliyev formalaşdıra bilərdi.
Hazırda dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Bütün bunları 2003-2008-ci illərin statistik göstəriciləri də təsdiq edir. Belə ki, möhtərəm İlham Əliyevin ilk prezidentlik dövrünü əhatə edən 2003-2008-ci illərin yekununun statistik mənzərədən başqa simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz layihə və dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir.
2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata çatmışdır ki, bu da müqayisəli qiymətlərlə 2,7 dəfə artım deməkdir. İqtisadiyyatın dınamik inkişafında mühüm rol oynayan uğurlu fiskal siyasətin həyata keçirilməsi nəticəsində ötən beş il ərzində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 7,7 faiz artmışdır. Bu illər ərzində ölkədə vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun nəticəsində xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır.
Son 5 ildə əhalinin sosial rifahını xarakterizə edən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmişdir. Belə ki, 2003-2008-ci illərdə orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.
Son beş il ərzində Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər ərzində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin iqtisadi inkişafında ayrı-ayrı sahələrin tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli istifadə edilməsini təmin etmək üçün çox böyük işlər görülmüşdür. Buna misal olaraq, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının (vağzallar, liman və s.) müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar. Eyni zamanda, araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülmüş və davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Təbii ki, Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini nəinki bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər isə ümummilli liderin xidmətləri qarşısında “dəryadan bir damla” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasında istər ayrı-ayrı elm sahələrinin, istər təhsil, səhiyyə kimi sosial sferaların, istər kənd təsərrüfatı və sənayenin inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır. Bütün bunlar isə Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsini zəruri edir. Çünki dahi Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisidir.

Hacı Kamal Quliyev, iş adamı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930