Dünya ictimaiyyəti Azərbaycan qadınını Mehriban xanımın simasında xoşməramlı fəaliyyəti ilə tanıyır
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq, xalqımızın milli-mənəvi yüksəlişinə xidmət edən ideyaların daha da möhkəmlənməsinə çalışır. Bu günlərdə qardaş Türkiyədə baş vermiş təbii fəlakət - dəhşətli zəlzələ bütün dünyanı sarsıtdı. Bu ağır faciəni böyük ürək yanğısı ilə qarşılayan Mehriban xanımın zəlzələ baş verdiyi andan zərərçəkən insanlara mənəvi dayağı, göstərdiyi dəstək onun simasında Azərbaycan qadınının humanizm ideallarına sadiqliyinin bariz nümunəsi, eyni zamanda, iki qardaş xalq arasında milli birliyin, həmrəyliyin təcəssümüdür.
Şərq qadını bütün dövrlərdə cəsarəti, mübarizliyi, mərdliyi, mədəniyyəti, humanizmi ilə seçilib, hər zaman cəmiyyət tərəfindən heyranlıqla qarşılanıb. Bu gün Şərq qadınının bütün bu xüsusiyyətlərini Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Mehriban xanımın müxtəlif sahələrə, o cümlədən elmə, təhsilə, səhiyyəyə, mədəniyyətimizə xüsusi diqqət və qayğısı əvəzsizdir. Bu gün dünya ictimaiyyəti Azərbaycan qadınını Mehriban xanımın simasında xoşməramlı fəaliyyəti ilə tanıyır.
Mehriban Əliyevanın fəaliyyətində xeyirxahlıq amilinin xüsusi yer tutduğunu vurğulayan Orucəli Rzayev qeyd edib ki, ictimai həyatımızın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu hazırda müasir dövrün tələblərinə uyğun inkişaf etdirilir. Bu gün tarixi ənənələrimizi yaşadan, onu inkişaf etdirən, sosial-mənəvi inkişafımız üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutundan söz açılanda, ilk növbədə, Mehriban xanımın adı çəkilir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə zəlzələdən zərərçəkənlərə ilk saatlardan yardımın və zəruri ehtiyacların göndərilməsi təkcə humanitar baxımından deyil, eyni zamanda, milli-mənəvi baxımdan da olduqca əhəmiyyətlidir. Mehriban xanım qardaş Türkiyəyə yardımların və digər köməyin göstərilməsi üçün bütün qüvvələri ilk andan səfərbər etdi. Bu birliyin nümayişi iki qardaş ölkənin tarixi səhifələrindən birinə çevrildi. Mehriban xanım sosial şəbəkədə Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımında xalqımızın tarixi ənənələrinə, bəşəri dəyərlərə sadiq qaldığını qeyd edərək, öz xalqı ilə qürur duyduğunu bildirir. Xalqımızın dəstəyinin Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutu olduğunu xüsusi vurğulayır. O, paylaşımında hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyini yüksək qiymətləndirir. Paylaşımda əksini tapmış fikirlər, həm də Mehriban xanımın təbliğ etdiyi humanist dəyərlərimizin təntənəsinin ifadəsidir.
Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Birinci Vitse Prezident Mehriban xanımın avqust ayının 26-da 60 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, daha da böyük uğurlara imza atmasını arzu edirik!
Təranə Məhərrəmova
Şuşa Humanitar Kollecinin Tədris hissə müdiri