bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mərhəmət, şəfqət, nəciblik və dövlətçilik təfəkkürü onu fərqləndirən ali dəyərlərdir

5-08-2024, 13:10 9 dəfə baxılıb








“Əgər uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?” kimi olduqca duyğusal və həssas sualın qarşılığında “Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini” cavabını verməklə şəxsi ləyaqət hissini paklıq zirvəsinə yüksəldən ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, sözün həqiqi mənasında, insanlıq, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin unikal harmoniyasını xarizmatik davranış norması ilə tamamlamağı bacaran bənzərsiz şəxsiyyətdir. İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi olaraq dəyərləndirən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai fikirdə olduqca yüksək reytinqə malikdir. Bu xüsusda Mehriban xanım Rusiyanın nüfuzlu “Rossiya-24” kanalına müsahibəsində haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”

Hörmətli Mehriban xanım Əliyeva bu gün xoşbəxtdir ki, xalqın ümidini və inamını şərəflə doğruldur, öz misilsiz fəaliyyəti ilə Prezident İlham Əliyevin gücünə güc qatır. Bu həqiqəti xalqımız və prezidentimiz görür və dəyərləndirir. Bu baxımdan cənab İlham Əliyevin 2019-cu il dekabrın 20-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə hörmətli Mehriban xanım Əliyevanın dövlətçiliyimiz qarşısında, xüsusən də Azərbaycan – Rusiya əlaqələrinin inkişafı sahəsində göstərdiyi müstəsna xidmətlərinə verdiyi yüksək qiymət təsadüfi sayılmamalıdır.

“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli-bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”, –deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.

Heç şübhəsiz, sadalalan keyfiyyətlər ilə yanaşı, burada iki mühüm amilin də rolu danılmazdır. Birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Genetika sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək, daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu konteksdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Babası Mir Cəlal Paşayev Azərbaycanın mütəfəkkir ədibi, atası Arif Paşayev və anası Aida İmanquliyeva Azərbaycan və dünya elmində öz izini qoymuş böyük şəxsiyyətlərdir. Bu unikal ailənin övladı olan Mehriban xanım Əliyevanın dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinə malik olması, hadisə və proselərə münasibətdə prinsipial və qətiyyətli davaranış tərzi nümayiş etdirməsi bilavasitə genetik irsin və bu xüsusda fitrətən istedadın, eləcə də fədakar zəhmətin nəticəsidir.

Yerli və xarici auditoriya qarşısında çıxışları zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, dinləyicilər ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması sadaladığımız amillərlə birbaşa bağlıdır.

Mehriban xanım Əliyevanın böyük idarəçilik məktəbi keçərək, zəngin təcrübəyə malik olması qarşısında duran müxtəlif istiqamətli və mürəkkəb vəzifələri ləyaqətlə yerinə yetirməsi üçün unikal imkanlar açmışdır. Fikrimizi əsaslandırmağa çalışaq.

Birincisi, fəal ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayan ¬Mehriban xanım 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis etməklə perspektiv və peşəkar fəaliyyəti üçün zəngin təcrübə qazanmaq imkanı əldə etmişdir. Bu amilləri nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.” Başqa sözlə, üzvlərinin sayı 750 mindən artıq olan nəhəng siyasi partiyanın idarə edilməsində və qazandığı uğurlarda hörmətli Mehriban xanım Əliyevanın müstəsna yeri və rolu vardır.

İkincisi, Mehriban xanım Əliyeva 3 dəfə (2005, 2010, 2015) seçicilərinin böyük etimadını qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz,” – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Vədi ilə əməli eyniyyət təşkil edən Mehriban xanım depuatlıq müddətində təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atmış və seçicilərinin hüsn-rəğbətini qazanmışdır. Parlament fəaliyyəti çərçivəsində Mehriban xanım Əliyeva 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilmişdir.

Eyni zamanda, Mehriban xanımın deputat kimi çox geniş beynəlxalq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır. Bu fəaliyyətin nəticəsində ölkəmizə olan beynəlxalq etimad daha da möhkəmlənmiş, dost və tərəfdaşlarımızın sayı artmışdır.

Üçüncüsü, demokratik dövlət quruculuğu istiqamətində ümummilli lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Mehriban xanımın rəhbərliyi altında qeyd edilən sahələrlə yanaşı, milli musiqinin inkişafı, mədəni irsin qorunması, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətlərdə də misilsiz addımlar atılır.

Dördüncüsü, Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən ən yüksək qiymətə layiq görülmüşdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır. “Təsadüfi deyildir ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının təşkili hörmətli Mehriban xanım Əliyevaya həvalə olunmuş və bu mötəbər idman tədbiri də təşkilatçılıq nöqteyi-nəzərindən ən yüksək qiymətə layiq görülmüşdür.

Beşincisi, Mehriban xanım Əliyevanın beynəlxalq fəaliyyəti ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi və təminatı mənafeyinə xidmət etməklə yanaşı, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, əmin-amanlıq, tarixi mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi kimi olduqca vacib missiyanın yerinə yetirilməsi işinə böyük töhfə verir. Bu baxımdan təsadüfi deyildir ki, 2004-cü ildə Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyeva türkdilli ölkələrin bu yüksək ada layiq görülən ilk qadın təmsilçisidir. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri titulu verilmişdir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, eyni zamanda, hər iki mötəbər təşkilatın səfiri olsun.

Qeyd edilən reallıqlar fonunda 2017-ci il fevralın 21-də hörmətli Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşması, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərməsi özünü yeni inşa olunan “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində də aydın nümayiş etdirmişdir. Bütün bu yaşayış komplekslərinin inşası Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilmişdir.

Onu da qeyd edək ki, ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu Park-3” də həmin komplekslərdən biridir. Bu davranış sahibkarların sosial məsuliyyətinin ifadəsi olaraq olduqca müsbət hadisədir.

Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçaları və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş, təmir edilmiş və yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Təhsili dövlətin strateji və prioritet sahəsi kimi dəyərləndirən hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsinə start verilmişdir və bu layihə çox uğurla icra olunmuşdur: "Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar". “Yeniləşən Azərbaycana yeni məktəb!” proqramı və “Təhsilə dəstək” layihəsi təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmununun zənginləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Birinci proqram çərçivəsində ölkəmizdə 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilmişdir.

2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur.

Ölkəmizin birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsinə start vermişdir. Bu layihə çərçivəsində ölkəmizdə 40-a ¬yaxın uşaq evi və internat məktəb ən müasir standartlara uyğun təmir edilmişdir. Bu layihənin icrası ölkəmizdəki özəl sektor ilə sıx işbirliyi hesabına reallaşmışdır.

Bundan savayı, 2014-cü ildə hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihənin – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlamışdır. Fondun təşəbbüsü ilə ölkəmizdə yəhudu təhsil mərkəzi və fransız məktəbi yaradılmışdır.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond genişmiqyaslı səhiyyə layihələri həyata keçirir. Buraya xəstəxanalar, klinikalar, müasir avadanlıqların alınması, diabet və talassemiya xəstələrinin müalicəsi daxildir. Bu istiqamət üzrə Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı!”, “Talassemiyasız həyat naminə!”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi olduqca əhəmiyyətli layihələrin həyata vəsiqə alması geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunmuş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

2012-2013-cü illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda bir sıra digər sahələrlə yanaşı, səhiyyə sferasında əhəmiyətli layihələr icra olunmuşdur. “Serebral” iflic klinikası və “Lakki Marvat” uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləmə və müayinələr aparılmışdır. Bundan savayı, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Peşəvər şəhərində Dünya Donorlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan “Həmzə” Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibb yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilmişdir.

“Bütün bunlara baxmayaraq, elə bilirəm ki, fondun fəaliyyətinin ən böyük nəticəsi Azərbaycanda xeyriyyəçilik ənənələrinin canlandırılması olmuşdur. Ölkəmizdə xeyriyyəçilik fəaliyyətinin uzun tarixi vardır. İlk dəfə ... neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev bu ənənələrin yaranmasına böyük töhfə vermişlər. XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qızlar üçün ilk dünyəvi məktəb tikintisini, ilk milli teatrın açılmasını maliyyələşdirmişdir. O, Azərbaycan gənclərinin Rusiyada və Avropada təhsil almasına da yardım etmişdir. Musa Nağıyevin tikdirdiyi binalar Bakının memarlıq inciləri sırasındadır, – deyən Mehriban xanım Əliyeva Azərbaycanda xeyriyyəçilik ənnənələrini nəinki bərpa etmiş, ona yeni forma və məzmunla zənginləşdirmişdir. Nəticədə xeyirxahlıqdan yoğrulmuş bu ənənə qədim tarixi olan, Şərq və Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda yeni inkişaf mərhələsinə daxil olmuşdur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, sərgilər təşkil olunur. Bu məqsədlə 2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparılmışdır. 2006-cı ildə Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsinin digər tərkib hissəsi Bakıda yaşayan yəhudi uşaqları üçün Xabad-Or-Avner Təhsil Mərkəzinin inşasıdır.

Mehriban xanım Əliyevanın “Donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri ilə fəxr edirik. Tarixi-mədəni irsin mühafizəsi qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, gələcək nəsillərə qarşı cinayətdir” – fikirləri imzası qədər güc və dəyərə malikdir. Bu məntiqdən çıxış edərək ölkəmizin birinci xanımının rəhbərliyi altında fond təkcə ölkə miqyasında deyil, beynəlxalq aləmdə də bir sıra unikal memarlıq abidələrinə “ikinci həyat” bəxş etmişdir .

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə XIV əsr Notr-Dam və Strasburq Kafedral kilsələrinin, Versal Sarayında tarixi incəsənət abidələrinin, həmçinin, İkinci dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycanın nadir orta əsr əlyazmalarının və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilmişdir. Parisdəki məşhur Luvr Muzeyində İslam incəsənəti bölməsi yaradılmışdır. Bundan savayı, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının VII Beynəlxlaq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir. Roma şəhərində yerləşən Kapitolini muzeyində “Filosoflar zalı”nın bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən hesab olunur.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası istiqamətində atdığı addımlar sivilizasiyalararası dialoq və harmoniya baxımından misilsiz hadisələrdir. Həmin abidələrin 23 fevral 2016-cı il tarixində bərpadan sonrakı açılış mərasimində Kardinal Ravazinin: “Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdim. Lakin müsbət cavab almadım. Yalnız Heydər Əliyev Fondu bu çağırışa cavab verdi.”, – fikri Azərbaycan dövləti və onun ali rəhbərliyinin multikultural siyasətinə verilən yüksək qiymətin ifadəsidir.

Onu da qeyd edək ki, Müqəddəs Roma katakombalarının bərpası Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən həyata keçirilmişdir. Bu işlər həm də fondun “Azərbaycan –tolerantlığın ünvanı!” layihəsi çərçivəsində icra olunmuşdur. Məlumat üçün onu da qeyd edək ki, ümumən, Roma şəhərinin ətrafında 60-a yaxın katakomba vardır.

Heydər Əliyev Fondunun rəhbəri təkcə dünya mədəniyyətinin nadir nümunələrindən olan katakombaların bərpası işinə maliyyə dəstəyi göstərmir, eyni zamanda, onların bərpasından sonrakı aşılış mərasimlərində də yaxından iştirak edir. Belə tədbirlər nəticə etibarilə iki müxtəlif sivilizasiya – İslam və xristian dünyaları arasında birgəyaşayış və harmoniya mühitinin möhkəmlənməsi mənafeyinə xidmət göstərir. 2016-cı il sentyabrın 26-da Mehriban xanım fondun dəstəyi ilə bərpa olunan Müqəddəs Sebastian katakombalarının bərpasından sonrakı açılış mərasimində iştirak etməsi də eyni mahiyyət və xarakterli addımdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə dəfələrlə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edilmişdir. Bundan savayı, Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə qurbanlıq heyvanlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanılmışdır.

2014-cü ildə hörmətli Mehriban xanımın rəhbərliyi ilə Pakistanın Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı” layihəsi həyata keçirilmişdir. Bu layihənin icrasının nəticəsi olaraq ərazidə yaşayan on minlərlə insan içməli su əldə etmişdir. Təsadüfi deyildir ki, Mehriban xanımın dost və qardaş Pakistan dövləti və xalqı qarşısındakı müstəsna xidmətləri nəzərə alınaraq, bu dövlətin “Hilal-e Pakistan” ali ordeninə, “Şəhid Benazir Bhutto” mükafatına, habelə “Daily Times” qəzeti və “Könüllü qadınlar təşkilatı” tərəfindən “Humanizmin Simvolu. 2012-ci ilin Qadını” mükafatlarına layiq görülmüşdür.

Bundan savayı, fond Haitidə zəlzələdən, Rumıniyada isə daşqınlardan ziyan görmüş insanlara yardımlar göstərmişdir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birini də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşası istiqamətində aparılan sistemli və ardıcıl iş təşkil edir. Fondun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı portal və müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə münaqişənin kökləri və səbəbləri haqqında dürüst və obyektiv məlumat çatdırmaq məqsədi güdür. Bu prosesdə Heydər Əliyev ¬Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm təbliğat aləti olaraq dünyanın demək olar ki, bütün qitələrində Ermənistanın soyqırımı, terror və işğal siyasətini ifşa edir. Bu aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı və digər əyani vəsaitlər beynəlxalq ictimaiyyətə təqdim olunur.

Prezident İlham Əliyev və onun ən yaxın məsləkdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

Sonda onu da qeyd edək ki, bütün dünya, o cümlədən Azərbaycan Respublikası COVID-19 pandemiyası ilə amansız mübarizə dövrünü yaşayır. Azərbaycan xalqı və dövləti də tarixi sınaq qarşısındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fors-major vəziyyətdə nümayiş etdirdiyi unikal idarəçilik mədəniyyəti, operativ reaksiya qabiliyyəti, preventiv, ardıcıl və sistemli qərarlar qəbul etmək məharəti “taclı virus müharibəsi”ndə taktiki qələbəmizi təmin etmiş və strateji zəfər üçün münbit şərait yaratmışdır. Bu mübarizədə situativ qərarların qəbulu, mərhələli sərtləşmə və yumşalma tədbirlərinin sinxron yerdəyişməsinin tətbiqi insanlarımızın həyatının qorunması kimi ali məqsədə xidmət etməkdədir.

Pandemiya dövrü təkcə dövlətlərin və xalqların əsl simasını üzə çıxarmadı. Eyni zamanda, liderlərin də simasını – şəxsiyyətini müəyyən etdi. Xalqlar bu situasiyada ya liderləri ilə sonsuz qürur hissi yaşadılar, ya da əksinə. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, elə də böyük olmayan dövlətinə xarizmatik, realist, prinsipial və qətiyyətli, fors-major vəziyyətlərdə isə sadalanan keyfiyyətlərinin unikal yüksəlmə əmsalına malik dünya səviyyəli lider – Prezident İlham Əliyev rəhbərlik edir. Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda, insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir: “Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

Qədirbilən xalqımız və onun hər bir vətənpərvər övladı mərhəmətli Mehriban xanımı həyatının unudulmaz tarixi-doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, millətimizin rifahı və dövlətçiliyimizin inkşafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayır.


Yaşar İbadov,
Akademik, Alternativ psixoloigiya elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930