Təhsillərini uğurla başa vuran BMU-nun 4 tələbəsi
Bakı Mühəndislik Universiteti, Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alan 4 tələbə diplom- buraxılış işləri müdafiəsini uğurla başa çatdırıb. Tələbələr həmin ixtisasın müəllimi İsmayılova Kəmalə Elşad qızının rəhbərliyi altında diplom-buraxılış işi müdafiə edərək bakalavr ali peşə dərəcəsinə layiq görülüblər.
Quliyeva Zəhra Qaraş qızının “The Laplace Transform” mövzusunda yazdığı buraxılış işi Laplas çevirmələrinin tətbiqləri mövzusuna həsr olunmuşdur. Laplas çevirmələrinin nəzəri və praktiki tətbiqlərinin vacibliyi mühəndislik, riyaziyyat, fizika və digər elm sahələrində şübhəsizdir. Əsas məqsəd bu tənliklərin real həyatda tətbiq olunduğu sahələri işıqlandırmaqdır. Quliyeva Zəhra həm diplom işini yazdığı müddət, həm də akademik tədris ili müddətində öz bacarıqlarını yüksək səviyyədə göstərmişdir. O, əzmkar, savadlı və tərbiyəli bir tələbədir. Bununla yanaşı tədris illərində fənlərə olan iti marağını göstərmiş, sinifdaxili müzakirələrə faydalı töhfələr vermişdir. Qeyd edək ki, Quliyeva Zəhra Qaraş qızı Dövlət İmtahan Mərkəzinin (DİM) 2019-cu il tələbə qəbulu müsabiqəsində qrup üzrə ən yüksək nəticə göstərərək 666.7 bal toplamışdır. Tələbə işinin uğurlu müdafiəsinə əsasən əla qiymət 100 (A) bala layiq görülmüşdür. Quliyeva Zəhra Qaraş qızı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Sərəncamına əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd” verilən tələbələrdən biridir. Quliyeva Zəhra fərqlənmə diplomu ilə təhsilini başa vuracaq.
Şərifli Asiman Qalib qızının “Numerical solutions of ordinary differential equation” mövzusunda yazdığı buraxılış işi adi diferensial tənliklərin ədədi üsullarla həllərinə həsr olunmuşdur. Bəzi adi diferensial tənliklərin dəqiq həllərinin tapılması bəzən mümkün olmur və ya dəqiq cavabı tapmaq çox çətin olur. Bu zaman adi diferensial tənliklərin həllərinə təqribi, xüsusən ədədi həllərdən istifadə etməklə yaxınlaşmaq olar. Şərifli Asiman təhsil aldığı akademik tədris ili müddətində istedadı, fəallığı, əzmkarlığı ilə seçilən tələbələr siyahısında olub. Buraxılış işi struktur baxımından tələbləri ödəyib və tələbənin uğurlu müdafiəsinə əsasən əla qiymət 100 (A) bala layiq görülüb. Şərifli Asiman Qalib qızının elmi rəhbəri İsmayılova Kəmalə Elşad qızı ilə birgə yazdığı bu mövzu ilə bağlı “Directional fields of differential equations combined with the Euler’s technique” adlı tezisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı”nda (28-29 aprel 2023-cü il) işıq üzü görmüşdür. Şərifli Asiman bu mövzuda daha dərin biliklərə sahib olduğundan magistratura pilləsində də bu mövzunu araşdırmaq, yenilikləri ortaya çıxarmaq niyyətindədir.
Alıyeva Həsrət Altay qızının “Line integrals” mövzusunda yazdığı buraxılış işi müəyyən əyri üzərində təyin olunmuş funksiyaların inteqralının hesablanmasıdır. Buraxılış işində 1-ci və 2-ci növ əyrixətli inteqralın tərifi, xassələri, hesablanması, əyrixətli inteqrallar üçün teoremlər əsas mövzular olaraq yer alır. Alıyeva Həsrət təhsil aldığı illərdə əlaçı olaraq digər tələbələrdən seçilən, əzmi və iradəsi ilə fərqlənən tələbələrdəndir. Mövzunun çətin, bir o qədər də maraqlı olması Alıyeva Həsrəti bu mövzunu araşdırmağa sövq etmişdir. Müdafiəsini uğurla başa vuran Alıyeva Həsrət müəllimlərin rəyinə əsasən 99 (A) balla qiymətləndirilmişdir.
İsmayılova Rəqsanə Samit qızının “Integrals of transcendental functions” mövzusunda yazdığı buraxılış işi cəbri olmayan analitik funksiyaların inteqrallarının tətbiqləri mövzusuna həsr olunmuşdur. İnteqralın nəzəri və praktiki tətbiqlərinin vacibliyi mühəndislik, riyaziyyat, fizika və digər elm sahələrində danılmazdır. Əsas məqsəd inteqralın analitik funksiyalar vasitəsilə hesablanmasının real həyatda tətbiq olunduğu sahələri üzə çıxarmaqdır. İsmayılova Rəqsanə tələbəlik illəri müddətində öz bacarıqlarını yüksək səviyyədə göstərmişdir. Dərslərə xüsusi marağı, araşdırma qabiliyyəti ona bu mövzunun incəliklərini öyrənməkdə motivasiya verən ilkin səbəblərdəndir. Buraxılış işi müstəqil və tam əhatə olunmuş bir araşdırmadır və eyni zamanda onun nəzəri və praktiki əhəmiyyəti var. Buraxılış işi üçün gərəkli olan bütün tələblərə cavab verdiyindən tələbənin uğurlu müdafiəsinə əsasən əla qiymət 91 (A) bala layiq görülmüşdür.
Buraxılış işləri Yekun Dövlət Attestasiya Komissiyasının tərkibi: sədr- Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” kafedrasının professoru, fizika riyaziyyat elmləri doktoru Xanməmmədov Aqil Xanməmməd oğlu; sədr müavini- Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi, dosent Əliyev Hümbət Nəbi oğlu; və üzvlər Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Əliməmmədov Rəşad Qürbət oğlu; Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Məmmədov Bəhman Cəlil oğlu; Bakı Mühəndislik Universitetinin “Riyaziyyat müəllimliyi” kafedrasının baş müəllimi Hacıyeva Çinarə Arif qızı; katib-Bakı Mühəndislik Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müəllimi İsmayılova Kəmalə Elşad qızının rəhbərliyi altında baş tutub.
Yekunda tələbələri təbrik edir, gələcək təhsillərində uğur və müvəffəqiyyətlər arzulayırıq.