44 günlük savaşla Qarabağ azadlığına qovuşdu
44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərin ikinci ili tamam olur. İstər 44 günlük əks-hücum əməliyyatının özü, istərsə də Şuşanın işğaldan azad edilməsi ilə möhürü vurulan Zəfər Günü tariximizin ən önəmli bir parçası kimi qan yaddaşımızda və dərsliklərdə yer alacaq.
Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi gündür, özəl təqvimdir. Çünki bizi böyük Zəfərə doğru aparan 44 gün ərzində millətimizin oyanışını, dirçəlişini müşahidə etdik. Biz Zəfər Gününə sadəcə hərbi qələbə bayramı kimi baxmırıq. Əziz şəhidlərimizin qanı ilə yoğrulmuş, hərbçilərimizin misilsiz şücaəti ilə ərsəyə gəlmiş bu bayram ilk növbədə bütün millətimizin həmrəylik bayramıdır.
Zəfər Günü milli həmrəyliyimizin ən üst zirvəyə yüksəldiyi gündür. Nə qədim dövrlərdə, nə son minillik hərb tariximizdə heç vaxt bu cür ümummilli həmrəylik, milli birlik nümunəsi müşahidə olunmayıb. Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan verdi. Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbə əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan etdi. Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəldi.
On minlərlə azərbaycanlı qətlə yetirildi, yaralandı, şikəst edildi. Kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum oldu. Hələ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bugünədək məlum deyil.
Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməzdi və qıra da bilmədi. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlığı Təşkilatının və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi. Xalqımızı məğlubiyyət sindromundan qurtararaq qalib xalqa çevirmiş bu şanlı qələbənin təməlində dayanan başlıca amil son 29 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir.
Düşünülmüş hərbi konsepsiyanın həyata keçirilməsi müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılmasına imkan verdi. Xalqın maraqları və tələbatı üzərində qurulan daxili və xarici siyasət digər məsələlərlə yanaşı, cəmiyyətin və dövlətin bütün qüvvələrinin ümumi məqsəd naminə birləşməsinə gətirib çıxardı. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri oldu.
Beləliklə, Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizmi və ekspansionizmi ağır məğlubiyyətə uğradıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan üçtərəfli bəyanat münaqişəyə son qoyulmasını təsbit edərək Ermənistanla Azərbaycan arasında sivil dövlətlərarası münasibətlər qurulmasının əsas parametrlərini müəyyənləşdirdi. Bu gün qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində də göstərir. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir.
Artıq Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir. Şübhə yoxdur ki, regionda yerləşən ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, yeni nəqliyyat kommunikasiyalarının inşası, bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcək.
Cəmi 44 gün davam edən və düşmənin danışıqsız təslim olması ilə bitən Zəfər savaşını çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Deputatın sözlərinə görə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı:
"Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, təkcə ərazimiz böyümədi, həm də qəddimiz dikəldi, milli varlığımız ucaldı, qürurumuz böyüdü. Rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş komandanın rəhbərliyi altında 44 gün ərzində dünyada erməni mifini dağıtdı. Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi qələbə həm də bəşəriyyəti erməni faşizmindən xilas etdi.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir əsgərimizin burnu qanamadan işğaldan azad olundu. Bu qələbə Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı".
"Şuşanın işğaldan azad edilməsi isə hərb tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı. 44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı. Cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş Türkiyənin və bütövlükdə türk dünyasının dəstəyini qədirbilənliklə xatırlayırıq. Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olundu.
Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görüldü. Bu işlərin daha böyük miqyasda davam etdirilməsi məqsədi ilə gələn ilin dövlət büdcəsindən 3 milyard manat ayrılması nəzərdə tutulmuşdu. Sülh danışıqları və üçtərəfli bəyanatın icrası cənab İlham Əliyevin nəzarəti altında, qalib xalqımızın istəyinə uyğun davam edir.
Bədxahlarımızın, xüsusi ilə Fransanın və İranın terrorçu Ermənistana tərəfkeşliyinə rəğmən, biz Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik. Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl şəhərimizə gedəcəyik. Zəfərimiz mübarək və davamlı olsun".
Rafiq Rəhimov
şahmat üzrə məşqci müəllim