Zəfərin mübarək, Azərbaycan xalqı!
Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı qələbənin dördüncü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edir. Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.
Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli birliyə, yeni bir dirçəlişə səbəb oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Azərbaycan dövləti və xalqı ölkə ərazisinin 20 faizinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın dövlət siyasətinin əsasını təşkil etdi. Son illərdə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısındakı çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində böyük işlər aparılmışdır. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı. BMT Baş Assambleyasının İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işinə dəstək oldu. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yarandı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır.
Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla qazanılmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Əldə olunan məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçmışdır.
Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq, bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə qətiyyəti və siyasi müdrikliyi sayəsində bütövlüyümüzə nail olduğumuz tarix, şanlı günümüz - Zəfər Günün mübarək, Azərbaycan!
Təranə Vəliyeva
ADNSU- nun nəzdində Sənaye və
Texnologiya kollecinin şöbə müdiri