44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq
Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.
Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi.
Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.
Bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.
Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunur. Bu gün hamılıqla etiraf edilir ki, 44 günlük müharibədə xalqın və ordunun Ali Baş Komandana dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Şəhər və kəndlərimizin düşməndən azad edilməsi barədə məlumatların mütəmadi olaraq cənab Prezident tərəfindən əhaliyə çatdırılması ordumuzu və xalqımızı daha böyük uğurlara səsləmişdir.
Doğma Qarabağın, onun dilbər guşəsi olan Şuşa şəhərinin azad edilməsi və Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun "dünya azərbaycanlıları!"
Ulu Öndər hər zaman ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə görüşlərində Qələbə gününün elə də uzaqda olmadığını, itirilmiş torpaqlarımızın işğaldan azad ediləcəyinə, vətəndaşlarımızın düşmən tapdağı altında qalmış həmin ərazilərə tezliklə qayıdacağına dərin inamını ifadə edir, xalqımızın həsrətinə tez bir zamanda son qoyulacağına əminliyini bildirirdi: "Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik".
Müharibə gedişatında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, dörd qəsəbə ilə yanaşı, 300-ə yaxın kənd və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edən ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu. Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi müəssisələrində Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.
Vətən müharibəsi dövründə və sonrakı vaxtlarda cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalçı siyasətinin ən mötəbər beynəlxalq tədbirlərdə tutarlı şəkildə ifşa edilməsi diplomatiyamızın böyük uğurları sırasındadır. 2020-ci ilin noyabr və dekabr aylarında müəyyən növbəliklə Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarıldıqdan sonra cari ilin avqust ayının 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi isə dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi və yürütdüyü uğurlu siyasi kursun təntənəsi idi.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Səkinə Mirzəliyeva
BDU-nun fiziki və kolloid kimya kafedrasının dosenti,kimya elmləri namizədi