44 Günlük Vətən müharibəsi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.
Azərbaycan xalqı çoxəsrlik tarixinin, eləcə də çağdaş hərb tarixinin ən əzəmətli hadisəsinin ildönümünü təntənə ilə qeyd edir. Xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi olacaqdır. Məhz keçən il Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqları azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Bu Qələbə möhtərəm Prezidentimizin komandanlığı və əfsanəvi “Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, əyilməz siyasi iradəsi və barışmaz mövqeyilə dünya bir daha Azərbaycan Xalqının birliyinin, həmrəyliyinin, Azərbaycan dövlətinin gücünün və Ordumuzun məğlubedilməzliyinin şahidi oldu.
Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin əldə edilməsində həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və onun havadarlarıı üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir.
Bütün bunları düşündükcə, eləcə də Vətən müharibəsində 44 gün ərzində baş verənləri təhlil etdikcə, dünya erməniliyi ilə mübarizə edən Azərbaycan xalqının əvəzolunmaz LİDER-inin, onun qəhrəman Milli Ordusunun, hər qarış Vətən torpağı uğrunda canından, həyatından keçmiş şəhid və qazilərimizin misligörünməmiş qüdrətini və fədakarlıqlarını bir daha dərk edir və bununla qürur duyursan.
Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, Azərbaycan xalqı ona etimad göstərsə, O, Ulu Öndərin siyasətinə sadiq qalacaq. Xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Heydər Əliyevin siyasi varisi olaraq hakimiyyətə gələn cənab İlham Əliyev öz vədlərinə maksimal ölçüdə əməl edərək ötən 18 il ərzində Azərbaycan xalqının ən böyük arzularını reallaşdırdı.
Prezident cənab İlham Əliyev qısa zaman kəsiyində ona bəslənilən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirdi, yorulmaz, qətiyyətli və prinsipial fəaliyyəti ilə sübut etdi ki, onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin edilməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə hesablanıb.
Şanlı Zəfərlə nəticələnən Vətən müharibəsi əslində 17 illik hazırlığın bir növ sınaq mərhələsi idi. Prezident cənab İlham Əliyev mövcud dünya siyasətinin reallıqlarını müdrikcəsinə dərk edərək bu xüsusda adekvat addımlar atdı.
Aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Ordumuz ən müasir silah-sursat, texnika və avadanlıqlarla təchiz olundu. Azərbaycan müdafiə sənayesi məhsullarını istehsal və hətta ixrac edən ölkəyə çevrildi. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Təsadüfi deyil ki, 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb. Bu göstəricilər beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmadı. Dünyaca məşhur “Global Firepower” şirkətinin hesabatına əsasən, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun siyahısına daxil edildi.
Əlbəttə ki, dayanıqlı inkişaf edən iqtisadiyyatımız olmasaydı, hərbi potensialımızı arzu etdiyimiz səviyyədə genişləndirə bilməyəcəkdik. Digər tərəfdən, ümumiyyətlə, iqtisadi asılılıq şəraitində tam müstəqil siyasət aparmaq imkanımız məhdudlaşa bilərdi. “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”,- deyən Prezident cənab İlham Əliyev bu prinsipi özünün idarəçilik fəlsəfəsinin təməl maddələrindən birinə çevirdi. Azərbaycan ötən 17 il ərzində reallaşdırdığı böyük geoiqtisadi layihələrlə nəinki özünün iqtisadi müstəqilliyini təmin etdi, hətta Avropanın enerji təhlükəsizliyində önəmli rol sahibi olmaqla qoca qitəni bir növ özündən asılı duruma saldı. Dünyanın ən nüfuzlu iqtisadi təşkilatı olan Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşına çevrildi. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında iştirak edən yeganə ölkədir ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqda müqavilə imzalayıb.
Beləliklə, iqtisadi sahədə əldə etdiyimiz uğurlar bir tərəfdən siyasi müstəqilliyimizi təmin edən faktorlardan birinə çevrildi, digər tərəfdən isə ordumuzun ən müasir silah-sursatla təchiz olunmasına şərait yaratdı. Bu faktor bizi böyük zəfərə yaxınlaşdıran səbəblərdən biri idi. Digər mühüm amil isə siyasi-diplomatik və informasiya müstəvisində görülən işlər idi. Əks halda ordumuzun 27 sentyabr tarixindən etibarən başlatdığı əks-hücum əməliyyatları beynəlxalq ictimaiyyətin mənfi reaksiyası ilə qarşılaşa bilərdi. Aparılan ardıcıl və uzaqgörən siyasət nəticəsində münaqişənin hüquqi bazası formalaşmışdı. 2003-cü ildə münaqişə ilə bağlı istinad edə biləcəyimiz yeganə sənəd BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri idisə, Prezident cənab İlham Əliyevin hakimiyyəti illərində demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən sənədlər qəbul etdilər. Ermənistanın işğalçılıq siyasəti bütün beynəlxalq müstəvilərdə ifşa olundu. Dövlət başçımız yorulmaz fəaliyyəti ilə cəmi 17 il ərzində erməni lobbisinin bir əsrdən çoxdur yaratdığı mif və stereotipləri darmadağın etməyə nail oldu. 100 illik erməni yalanları bütün dünyada ifşa edildi, Azərbaycanın haqlı mövqeyi bütün beynəlxalq dairələr tərəfindən qəbul edildi və nəhayət, işğalçı öz adı ilə çağırılmağa məhkum edildi.
Balaşov Qulaməli Qurbanəli oglu
ADPU-nun “iRiyaziyyatın btidai kursunun tədrisi texnologiyası ”
kafedrasının dosenti,r.e.ü.f.d.