bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycana qarşı hərbi təcavüz aktı törədilib və onun mövcudluğunu inkar etmək mümkün deyil

13-12-2023, 17:40 21 dəfə baxılıb

Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə tərəf kimi çıxış etdiyini sübut edir. Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda “effektiv nəzarətə” malik olduğunu vurğulayır. Bundan başqa, 1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırıb. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar, həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə, hərbi və başqa kömək göstərməməyi öhdələrinə götürürlər”. Bütün bu və digər çoxsaylı faktlar bir daha sübut edir ki, Azərbaycana qarşı hərbi təcavüz aktı törədilib və onun mövcudluğunu inkar etmək mümkün deyil. Təcavüz - beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Buna qarşı ciddi reaksiya verilməli və müvafiq tədbirlər görülməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri mütləq şəkildə icra edilməli və Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoyulmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar dəfələrlə bəyan edib ki, “Sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.

BMT Baş Assambleyasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2006-cı il sentyabrın 7-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində işğal edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən yanğınlar pislənilib. Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi eyniadlı növbəti qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.

Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.

Əhmədova Arzu Əli qızı

ADPU-nunMəktəbəqədər təhsilin pedaqogikası”

kafedrasının müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30