Qadın müharibə iştirakçısı olan keçmiş ərini niyə bıçaqlayıb?
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aliyə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə bu il avqustun 15-də saat 07:20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Aliyə Həsənova evin eyvanında keçmiş əri Rüstəm Sahilovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə Rüstəmin Aliyəyə həmin günü işə getməməsini deməsi olub. Bu zaman qadın stolun üstündən götürdüyü mətbəx bıçağı ilə keçmiş ərinə atası və anasının gözləri qarşısında xəsarət yetirib.
Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.
Məhkəmə istintaqı zamanı Aliyə Həsənova ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Rüstəm müharibədə iştirak etdikdən sonra onun psixologiyasında problemlər yaranıb. Qadının sözlərinə görə, keçmiş əri müharibədən qayıtdıqdan sonra aralarında daimi olaraq münaqişələr olub. Evləri həm yaxın məsafədə yerləşdiyi, həm də işi ilə əlaqədar olaraq uşaqlara çox da nəzarət edə bilmədiyi üçün onlara çalışdığı müddət ərzində Rüstəmin anası baxıb. Aliyə ticarət mərkəzində satıcı olaraq çalışdığı üçün hər gün işə getməli olduğunu, hər səhər keçmiş qayınatasının onu yolüstü iş yerinə qoyduğunu deyib.
Hadisə günü də Rüstəmin ailəsi onu evlərinin evyanında birlikdə səhər yeməyinə çağırıb. Onlarla birlikdə yemək yeyərkən Rüstəm evə gəlib. Rüstəm qadına işə getməməyini söyləyib. Mübahisə olan zaman Rüstəm onun üzərinə gələrək onu vurmaq istəyib. Bu zaman qadının əlində bıçaq olub. Onlar mübahisə edərkən müvazinətlərini itirərək yıxılıblar.
Qadın ifadəsində bu zaman keçmiş ərinin qarın boşluğuna bıçaq dəydiyini və yaralandığını bildirib. Lakin onu vurmaq niyyətinin olmadığını, Rüstəmi yaralandığını sonradan öyrəndiyini əlavə edib.
Qeyd edək ki, Aliyə və Rüstəm 2020-ci ildə boşanıb, onların 2 azyaşlı uşaqları var.