bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları"

10-05-2023, 10:42 1 615 dəfə baxılıb










Son zamanlarda çağdaş dünyamızda zorakılıq hallarının günü-gündən çoxaldığının şahidi oluruq. Təəssüflər olsun ki, bu hal Azərbaycandan da yan keçmir. Cəmiyyətə qarşı məsuliyyətli olan hər bir fərdi ‘‘zorakılığın yaranma səbəbləri nədir’’, ‘‘mənbəyinin haradan gəldiyi’’ və ‘‘buna qarşı hansı tədbirlərin görülməsinin vacib olduğu’’ nüanslar düşündürməlidir.

Qloballaşan dünyada zorakılığın qurbanları daha çox qadınlar və uşaqlar olaraq görülür. Zorakılığın həm təbii, həm də süni şəkildə artımına səbəb olan faktorlar müxtəlifdir. İlkin olaraq qadının fiziki cəhətdən kişiyə nisbətən zəif olması onun döyülməsi ilə nəticələnən mənzərəni göz önünə qoyur. Lakin qadının mənəvi və iradi olaraq cəmiyyətdə sərgilədiyi rol pərdə arxasında qalır. Uşaqlara gəldikdə isə uşaq əməyindən istifadə ən bariz nümunə kimi göstərilə bilər. Yaşlarının kiçik olması səbəbindən özlərini müdafiə edə bilməmələri və beləliklə də təhsildən uzaqlaşaraq məktəb üzü görə bilməmələri onlara qarşı olan zorakılığın bağışlanmaz timsalıdır.

​Statistik məlumatlara görə qadınlar həyatlarında ən az bir dəfə belə olsa zorakılığa məruz qalır.Zorakılığın geniş bir anlayış olduğunu nəzərə alaraq ona hansı formalarda rast gəlindiyinə nəzər yetirək. Qadınlar birbaşa və dolayı yolla, gizli və aşkar şəkildə olan zorakılıq növlərinə və eyni zamanda mənəvi, psixoloji(emosional), cinsi(seksual), fiziki, iqtisadi, sosial-məhrumetmə, verbal (sözlü), etinasızlıq, zorla ərə verilmə, erkən nigah, təqib, şiddət, kiberbullinq, qadın qətlləri, qadın alveri, zorlama, insest,cinsi əlaqəyə məcburetmə, istismar, qadının səsini kəsmək, təzyiq altında saxlamaq, şantaj, hədə-qorxu, ailədaxili zorakılıq, təhsildən uzaqlaşdırma və zorakılığın digər formaları ilə üz-üzə qalırlar.

Yuxarıda sadalanan bəzi formalara daha aydın izah verək:
Kiberbullinq- sosial mediada, oyun və mesajlaşma platformalarında, mobil telefonlarda və s. baş verə bilər. Hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək, utandırmaq məqsədi daşıyır. Belə ki, sosial mediada utancverici şəkillər paylaşmaq və ya kiminsə barəsində yalan məlumatlar yaymaq; başqalarına pis mesajlar göndərərək kimisə təqlid etmək; mesajlaşma platformaları vasitəsilə zərərli mesajlar və ya təhdidlər göndərmək; kimlərinsə hesab və şifrələrini ələ keçirərək onların adından çıxış etmək; sosial şəbəkələrdən kimlərinsə şəkillərini və qısa videolarını götürərək müəyyən məqsədlər üçün onlardan istifadə etmək kimi misallar vermək olar.

İnsest- qan birliyi olan insanlar tərəfindən törədilən təcavüz hadisəsidir.

Fiziki zorakılıq- şikəstetmə, bədənə ağır xəsarət yetirmə, döymə, təpik, şillə,itələmə, əşya atma kimi fiziki zorakılıq halları yanıq və zərbə izləri, sınıqlar, çıxıqlar, çapıq və kəsiklər və s. xoşagəlməz əlamətlərlə nəticələnir.

Psixoloji zorakılıq- təhqir, təhdid, şantaj, hədə-qorxu, nəzarət kimi insanın psixoloji sağlamlığına zərər verən hallardır və nalayiq sözlərdən istifadə etmək, qışqırmaq, söyüş söymək kimi əlamətlərlə özünü göstərir. Fiziki zorakılıqdan fərqli olaraq psixoloji zorakılıq halları insanın ruhunda silinməz izlər buraxır.

İqtisadi zorakılıq- xərclərə tam nəzarət, maliyyə dəstəyindən məhrumetmə, evə qapadaraq iş və ya təhsilə, həmçinin sosial fəaliyyətlərə qadağa qoymaq; cəmiyyətdən təcridetmə kimi hallarla müşahidə olunur.

Cinsi zorakılıq- insanın öz iradəsi olmadan, məcbur etməklə, hədə-qorxu və ya aldatma yolu ilə hansısa formada cinsi əlaqəyə məcbur edilməsidir.

Yuxarıdakıları nəzərə alsaq deyə bilərik ki, cəmiyyətdə qadınlara qarşı məişət zorakılığı onların ruhunu iflic edir və bu həmçinin uşaqlara da öz təsir gücünü hiss etdirir, belə mühitdə böyüdülən uşaqların gələcəkdə aqibəti də sual altında qalır. Zorakılığa məruz qalan insanlara psixoloji yardım almaları məsləhət görülür.

Zorakılığı törədən insanlar bunu etdikdə ruhi həyəcanlı, qəzəbli olurlar və deməli insan şüuru özünü idarəetməkdən çıxır və insan özünü ələ ala bilmir və bu artıq bir problemə çevrilir. Bunun altında müəyyən səbəblər mövcud ola bilər, hər hansı psixoloji travma, nevrotik problemlər və s. Bunun üçün mühitdən uzaqlaşıb özünü sakitləşdirmək, belə vəziyyətlərdən mümkün qədər uzaq qalmaqla insanın özünü tərbiyəetməsi, sakit başla məsələləri həll etməyi düşünmək cəmiyyətimiz adına təqdirəlayiq davranış olar.

Cəmiyyətimizi formalaşdıran gənclər bununla bağlı nə düşünür deyə fikir mübadiləsi aparmaq istədik və beləliklə də 19-20 yaşlı universitet tələbələri arasında "Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları" ilə bağlı sorğu keçirdik və onun nəticələrini qeyd etmək istərdik:

➢ Abituriyent zorakılığının qarşısını almaq üçün ilk öncə valideynləri maarifəndirmək lazımdır. Valideyn ilk öncə başa düşməlidir ki, universitetə qəbul olmaq və ya olmamaq bir uşağın taleyini həll etmir. Hər bir uşaq fərqli doğulur və onların bacarıqlarını önə çıxararaq müəyyən peşələrə sahib olmalarına yardım etmək lazımdır. Valideyn-uşaq münasibətlərində qarşılıqlı hörmət və təmkinli davranmaq və eyni zamanda uşağın uğur qazanması üçün onun nə istədiyini bilmək valideynlərdən ustalıq tələb edir.

➢ İnsanların xəyallarının əlindən alınması, yarıda qoyulması zorakılığın ən bariz nümunəsidir. İnsanlarda empatiya qurmaq bacarığı müəyyən qədər olsa bu problem azala bilər.Təhsil müəssisələrində hər il mütəmadi olaraq bir neçə dəfə psixoloqlar tərəfindən təlimlərin keçirilməsi mütləq şəkildə önəmlidir.

➢ Dövlət tərəfindən maarifləndirmə olmalıdır. Bu məktəb kitablarında, həmçinin universitetdə tədris edilən bəzi dərslərin proqramında öz əksini tapmaqla bərabər insanların hazırda daha çox istifadə etdiyi sosial şəbəkələrdə də önə çıxmalıdır. Radio və televiziya vasitəsilə bu mövzuya daimi şəkildə toxunulmalıdır.

➢ Zorakılıq zəncirinin qırılıb atılması və əvəzində yeni stereotiplər yaradaraq sağlam cəmiyyət formalaşdırılmalıdır. Mühitdə sağlam münasibətlər yaranarsa məişət zorakılığı deyə bir ifadə yerini sağlam mühitlə əvəz edər.

➢ Ailədə zorakılıq mühitində böyüdülən uşaqlar bunun doğru olduğunu zənn edir və gələcəkdə də öz ailəsinə zorakılığı tətbiq etməyə meyilli olur. Maarifləndirici vəsaitlərdən istifadə etmək lazımdır.

➢ Qadınlarımızın mütləq şəkildə təhsilə maraq göstərməsini təmin etmək və təhsil almalarına dəstək olmaq vacibdir.

➢ Televiziya və sosial şəbəkələrdə təbliğ olunan və nəticədə insanlarda yanlış düşüncələr formalaşdıran səhnələrə dövlət tərəfindən lazımı qadağaların qoyulması əsas vəzifələrdən biri olmalıdır.

➢ Məişətdə zorakılıq yalnız insanlara qarşı deyil, heyvanlara qarşı da mövcuddur. Eyni zamanda təbiəti çirkləndirməklə də təbiətə qarşı zorakılıq etmiş olarıq. İnsanları maarifləndirmək ön planda olmalıdır. İctimai iaşə obyektlərində reklam lövhələri və bannerlər şəklində maarifləndirmə təşkil olunmalıdır.

➢ Evliliklərdə yaş fərqinin həddən çox olması, qısqanclıq və uyğunsuzluqların yaranması ilə zorakılıq hallarının artması göz önündədir.

➢ İnsanların qarşı tərəfi dinləmək və anlamaq yerinə təhqir və ya fiziki şiddət göstərməsi və ünsiyyət bacarıqlarının formalaşmış olmaması bu hallara gətirib çıxarır.

➢ Ciddi şəkildə cəza tədbirlərinin olması və birmənalı şəkildə buna qarşı çıxaraq zorakılığa məruz qalmış insanlara kömək etmək lazımdır.

➢ Keçmişdə yatan travmalar zorakılığa gətirib çıxarır. Lakin buna baxmayaraq öz üzərində işləyən və özünü dəyişdirən insanlar da var.

➢ Cəmiyyətimizdə kişilərə daha çox söz haqqının verilməsi zorakılığa səbəb olur. Yetişdirilən gənc nəsli hər kəsin azad yaşama haqqının olduğunun fərqinə vararaq böyütmək lazımdır.

➢ Həm kişi, həm də qadın qarşı cinsin psixologiyasını bilməlidir və qarşılıqlı hörmət vacibdir.

➢ Yaşı nigaha düşməyib zorla evlənməyə məcbur edən valideynlər barəsində ciddi cəzaların tətbiq edilməsi önəmlidir.

➢ Əksər insanların evində ‘‘xalxın uşağı’’ deyə bir ifadə var. Lakin uşaqları aşağılamaq, alçatmaq kimi zorakı hallar onlarda psixoloji travma yaradır və gələcəkdə cəmiyyətdə öz yerini tapa bilməməsinə yol açır, komplekslər yaranır və insanlardan uzaqlaşaraq özünə qapanma halları baş verir. İnsanda yaranan kompleks ən ciddi halda özündən nifrətə, daha sonra intihara səbəb olur.

➢ Qadınlara öz hüquqlarını bilmək və haqlarını tələb etməyi öyrətmək ən vacib məqamlardan biridir.

➢ Bir kişinin öz qadınına qarşı zorakılıq etməsi onu güclü etmir, əksinə onun zəif xarakterini ortaya qoyur.

➢ Qadınların maddi tərəfdən özlərini təmin edə bilmələri və təhsilli olmaları onları zorakılıq görməkdən uzaqlaşdırır. Belə qadın nə istədiyini bilir.

➢ ölkədə bu problemdən kişilərin də əziyyət çəkdiyini qeyd etmək lazımdır: onlar psixoloji, sosial və iqtisadi zorakılığa məruz qalır. Bu da qadınların cəmiyyətdə rolunun, sosial çəkisinin artması ilə bağlıdır.

Zorakılıq bir hüquq pozuntusudur və cəmiyyət olaraq biz buna biganə qalmamalıyıq; ona haqq qazandırmamaq və haqq qazandıranlara qarşı lazımı tədbirlərin görülməsi hər bir cəmiyyət fərdinin borcudur. Çiçəklənən sağlam cəmiyyət görmək istəyiriksə cəmiyyət qarşısında vəzifələrimizi yerinə yetirməliyik.

"Bizimlider.com" İnformasiya Xəbər Portalının şöbə müdiri:
Kəmalə İsmayılova


Xüsusi qeyd: Bu yazı “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930