Erməni separatçıların fransalı havadarı ifşa edilib
Özünün qatı ermənipərəst mövqeyi ilə tanınan və 2027-ci il prezident seçkilərində namizəd olmağa hazırlaşan Fransanın Overen-Rona-Alp Regional Şurasının sədri Loran Vokie vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Məlumata görə, bəzi yerli məmurlar onun işgüzar fəaliyyətində çoxlu nöqsanlar aşkarlayıb.
Belə ki, Vokyenin 4 əməkdaşı regional şurada qanunsuz işləməkdə şübhəli bilinir.
Bununla yanaşı, onun büdcə vəsaitlərindən qeyri-qanuni şəkildə istifadə etdiyi üzə çıxıb. Regional ekoloji təşkilatın rəhbəri Fabyen Qraeber büdcə müzakirələri zamanı Vokyeyə qarşı səslənib:
“Sizə aid olmayan vəsaitlərlə bizim regionumuzdan taleyiniz üçün bir pilləkən kimi istifadə edirsiniz. Fiskal qənaət dövründə buna daha dözə bilmərik!”.
Regional şuranın deputatı, Sosialist partiyaslndan olan siyasətçi Najat Valo-Belkasem isə bildirib ki, hədsiz xərclər, qanunsuz yolla işədüzəltmə Vokienin regionun maliyyəsini necə idarə etdiyinə dair şəffaflığın olmamasının bariz nümunəsidir və onun siyasi gələcəyi ilə bağlı şübhələr yaradır.
Qeyd edək ki, Loran Vokye bir sıra ermənipərəst siyasətçilərlə birgə bu ilin iyun ayında Qarabağın guya blokadada olmasını əsas gətirərək Fransa və BMT-yə erməni sakinlərə kömək məqsədilə kollektiv müraciət ünvanlayıb. Bundan əvvəl isə aprel ayında ermənipərəst siyasətçi İrəvanda qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu konvoyu Laçın yolundan keçirəcəyini bildirib. Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olub və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi dəyərləndirib.