Azərbaycandan gedən ermənilərlə bağlı beynəlxalq kampaniya - Hədəf nədir?
CNN Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı “Niyə ermənilərin Dağlıq Qarabağdan köçü Azərbaycanın ambisiyalarına son qoymaya bilər?” adlı iri məqalə ilə çıxış edib.
Məqalənin müəllifi Kristian Edvards münaqişənin tarixi haqda erməni mövqeyindən arayış təqdim etdikdən sonra diplomatik danışıqlardan bir nəticə hasil edə bilməyən Azərbaycanın hərbi yolla həllə əl atmağa məcbur olduğunu etiraf edir: “Diplomatiyanın uğursuz olduğu yerə amansız qüvvə girdi. Münaqişə donmuş vəziyyətdə qaldığı vaxt Azərbaycan ciddi dəyişiklik həyata keçridi. İndi neftlə zəngin, Türkiyə tərəfindən dəstəklənən və dişinə qədər silahlanmış Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə Dağlıq Qarabağın üçdə birini geri aldı, yalnız Rusiyanın vasitəçiliyi ilə atəşkəslə dayandırıldı. Lakin anlaşma kövrək oldu və sentyabrda Azərbaycan yenidən zərbə vurdu. Müqavimət göstərə bilməyən Qarabağ “hökuməti” cəmi 24 saat ərzində təslim oldu. Bölgənin etnik erməni əhalisi bir həftə ərzində qaçdı, Avropa Parlamenti ölkədən qaçmağın etnik təmizləməyə bərabər olduğunu bildirib - Azərbaycan bu iddianı rədd edir”.
Müəllif sülhün qalıcı olmayacağı haqda artıq Qərb mediasında mantra kimi təkrarlanan qənaətləri bölüşür: “Əliyevin legitimliyini qurduğu etnik millətçilik və ərazilərin birləşdirilməsi vədi yeni hədəflər tapacaq. Ordusu zəif, müttəfiqlərinin meydanda olmadığı Ermənistanda isə dövlət 100.000-dən çox Qarabağ qaçqınını yerləşdirməyə çalışır, onların çoxu yeni həyatlarına uyğunlaşa bilmədiklərini deyir”.
Xatırladılır ki, Azərbaycan prezidenti tərk edilmiş evlərin “toxunulmamış” olaraq qaldığını deyib, lakin dərhal da Azərbaycan əsgərlərinin evləri dağıtdığı haqda asanlıqla təkzib olunan yalanı təkrarlayır. Köçkün ermənilərlə intervülər yer alan yazıda deyilir ki, Qarabağ hökumətinin buraxılması uşaqları müavinətsiz, valideynləri pensiyasız, keçmiş hərbçilər maaşsız qoyub. Amma onlar mənzilə sahib olduğu üçün özünü xoşbəxt hesab edir.
Sülh perspektivlərinə gəlincə, o, etiraf edir ki, “Qarabağ qaçqınlarının” acınacaqlı vəziyyəti haqda narrativlər sülhə maneə olmamalıdır, “Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanındığından, Ermənistanın “anklavdan” əl çəkməsi barışıq üçün ilkin şərt idi”. Amma dərhal da əlavə edilir ki, rəsmi Bakının ərazi ambisiyaları ətrafında ritorikası kəskinləşib. Hökumət sənədlərində Ermənistana “Qərbi Azərbaycan” adı verilib: “Böyük tıxanma nöqtəsi, çox güman ki, Ermənistanın cənubundakı bir parça ilə Azərbaycanın əsas ərazisindən ayrılmış Naxçıvan eksklavı olacaq. Əliyev Naxçıvanı Azərbaycanla birləşdirəcək “quru dəhlizi” qurmağa ümid edir...Ermənistan bu ideyaya tamamilə qarşı deyil, lakin ərazisinin bəzi hissələrinə nəzarəti əldən verməkdən imtina edir. Keçən ay o, Ermənistanı Azərbaycan, Türkiyə, Gürcüstan, İran və başqa yerlərlə daha yaxşı birləşdirmək üçün bölgənin infrastrukturunu canlandırmaq, istismardan çıxmış qatar xətlərini bərpa etmək planını təqdim edib”.
Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının eksperti Anna Ohanyansa bildirib ki, Əliyevin ritorikası hərbi əsirlər mübadiləsi elan edildikdən sonra yumşalıb, lakin “bu, əsasən ABŞ-ın güclü təpkisi ilə bağlıdır. Amma onun məqsədləri dəyişməyib: Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa etdikdən sonra belə, onun hələ də Ermənistanla rəqabətə və ya münaqişəyə ehtiyacı var. “COP29-a ev sahibliyi etmək Əliyevi bəlkə də bir il ən yaxşı davranışında saxlaya bilər, lakin bu, onun beynəlxalq qaydalarla oynayacağına zəmanət deyil. Rusiya 2014-cü ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etdi və dərhal sonra Krımı ilhaq etdi”.
Ekspert Olesya Vartanyan da eyni ittihamları təkrarlayır. Görünür, beynəlxalq İNGO-ların erməni ekspertləri “unudurlar” ki, COP29-un Bakıda keçirilməsi həm də Bakı və İrəvanın anlaşması sayəsində baş tutub, savaşın deyil, sülhün müjdəçisidir. Yazı boyu müxtəlif beynəlxalq təşkilatların erməni əsilli ekspertlərinin rəylərini əsas götürüb bundan çıxan nəticələr təqdim etmək isə CNN və müəllifin açıq qərəzinin göstəricisidir.
“The National İnterest”in “Dağlıq Qarabağ: Avrasiyanın unudulmuş münaqişəsi” adlı məqaləsində də Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsindən sonra Ermənistanda məskunlaşan “qaçqınların” vəziyyətinə toxunulur. Yazı müəllifi Mark Temniki qeyd edir ki, ötən həftə Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri sərhədlərinin delimitasiyası məsələsini müzakirə etmək üçün bir araya gəlib. Bu hadisə iki ölkə arasında üç onillikdən artıq davam edən münaqişənin sonu kimi görünən son inkişaf idi.
O da xatırladır ki, azərbaycanlılar diplomatik danışıqların effektivsizliyini, beynəlxalq ictimaiyyətin sülh yolu ilə həlli davam etdirə bilmədiyini nəzərə alaraq, məsələni öz əllərinə aldılar. Birincisi, Ermənistanı Dağlıq Qarabağa birləşdirən Laçın dəhlizinin üzərində blokada yaradıldı, daha sonra Azərbaycan qüvvələri bölgəyə amansız hücuma keçdi. Qısa müddətdə davam edən döyüşlərdən sonra azərbaycanlılar ərazini nəzarətə götürdüklərini elan etdilər və minlərlə erməni bölgəni tərk etməyə başladı. “İndi 100 mindən çox etnik erməni öz yurd-yuvasından didərgin düşüb. Ermənistan dövləti bu köçkünlərə yardım etməyə çalışır. Bu yaxınlarda Ermənistan hökuməti “Dağlıq Qarabağdan olanlara pensiyaların təyin edilməsi və verilməsi prosedurunu” təsdiqləyib”.
Xatırladılır ki, Dünya Bankının məlumatına görə, 2022-ci ildə Ermənistanda işsizlik səviyyəsi 12,6 faiz təşkil edib. Bundan əlavə, Ümumdünya Ərzaq Proqramı 2022-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsinin 27 faiz olduğunu bildirib:
“Bu arada azərbaycanlılar indi Qarabağa köçürlər. Azərbaycan hökuməti regionun tam şəkildə öz ərazisinə daxil olması üçün çalışır. Lakin bu reinteqrasiya cəhdinin nə ilə nəticələnəcəyi bəlli deyil. Azərbaycan hökuməti də son əməliyyat zamanı bölgəni tərk etməyən etnik erməniləri necə qoruyacağını dəqiqləşdirməyib. Azərbaycan ərazini geri aldığını bəyan etdiyi halda, bundan sonra nə olacağı ilə bağlı çoxlu qeyri-müəyyənliklər var.”
“Svoboda” (“Azadlıq” radiosunun rus xidməti) da “Qarabağ qaçqınları” haqda reportaj edib. Qeyd edilir ki, sentyabrın 19-20-də davam edən “bir günlük müharibə” nəticəsində qondarma respublikanın təslim olmasından sonra Azərbaycanın Qarabağ üzərində yurisdiksiyası bərpa olunub. İndi 90-cı illərin əvvəllərindən özünü Dağlıq Qarabağ adlandıran rejimin hakimiyyət orqanlarına dəstək verən İrəvan özünün yaxın tarixinin ən kəskin siyasi və humanitar böhranlarından biri ilə üzləşib: Qarabağdan 100 mindən çox qaçqın bir anda ölkəyə daxil olub. İnsanlar bunu “mühacir” adlandırırdılar. Erməni müxalifəti ölkə hakimiyyətini “Artsax”ı itirməkdə - Ermənistanda Qarabağ belə adlandırılır - və Qarabağ ermənilərinin maraqlarını müdafiə, təhlükəsizliyini təmin etməməkdə ittiham edir”. Sonra “Svoboda” da “qaçqın”ların fikirlərinə yer ayırır.
Fransalı ekspert Kristian Vaların “Le dialogue” nəşrində nisbətən obyektiv, Azərbaycanın mövqeyinə daha ədalətli yanaşılan yazısında da erməni təbliğatının təsiri hiss olunur. Münaqişənin tarixi haqda hissədə qeyd edir ki, guya Dağlıq Qarabağ 1918-ci il avqustun 5-də Şuşada müstəqilliyini elan etsə də, 1919-cu ildə Bakıya daxil olmuş və Azərbaycana üstünlük verən ingilislərin sayəsində Azərbaycan Qarabağa nəzarəti bərpa edə bilib. Sonra isə Stalin və Qafqaz bürosu Azərbaycanın lehinə qərar qəbul edərək Qarabağın taleyini həll edib. Bu kimi erməni narrativləri təkrarlansa da, müəllif Ermənistanın apardığı işğalçılıq siyasətinin miqyasına anlatmaq üçün qeyd edir: “Azərbaycan əhalisinin hisslərini anlamaq üçün Fransanın Elzas-Lotaringiyanı itirməsini qeyd etmək kifayətdir. Vosges mavi xətti və Qarabağ dağları eyni əhval-ruhiyyəni bölüşür”.
AFR agentliyi də eyni mövzuda reportaj yayımlayıb.
Bu kampaniyaya Hollivud da cəlb edilib. Rejissorlar Ben Proudfoot və Khris Bowersin Azərbaycanda “etnik zülmə məruz qalan” ermənilərdən bəhs edən "Son təmir dükanı" sənədli filmi digər 15 filmlə birlikdə Amerika Kino Akademiyasının 96-cı Oskar Mükafatlarının qısa siyahısına daxil edilib.
Göründüyü kimi, Qərb KİV-lərində “Qarabağ qaçqınları”nın acı taleyi, onların vəziyyətini yaxşılaşdırmağın Ermənistan hökumətinin gücü daxilində olmadığı, Ermənistanın Azərbaycanın növbəti hərbi təhdidi altında olması haqda təbliğati materialların sayı hədsiz dərəcədə artıb. Belə təbliğatın məqsədləri müxtəlif ola bilər: Azərbaycan qarşı növbəti təzyiq kampaniyası başlatmaq, seçkidə Əliyev iqtidarının beynəlxalq imicini zədələmək, Qərbdən Ermənistana yardım göndərilməsinə nail olmaq və s. Müşahidəçilərə görə, bu kampaniya Fransa hökumətinin də oyunu ola bilər, Makron və çevrəsi Paşinyanı inandıra biliblər ki, Qarabağ ermənilərinin Azərbaycanı kütləvi şəkildə tərk etməsi Kosovo presedentini təkrarlamaq fürsəti yaradacaq.
Həm Azərbaycan, həm Ermənistan tərəfindən sülh danışıqları haqda ümidverici mesajların artdığı vaxt, belə kampaniya əslində sülhə qarşı təxribat kimi qiymətləndirilməlidir.