Əziz müəllimlər Bayramınız mübarək!
Bütün dünyada 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Azərbaycan müəllimləri də bu gün öz peşə bayramlarını böyük təntənə ilə qeyd edirlər.
Müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli və ən gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Dahi Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Xatırladaq ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq hər il 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsilin inkişafındakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd edilir. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir.
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini ürəkdən təbrik edir, hər birinə cəmiyyət üçün gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirik. Qoy həmişə müəllimliyin ən uca zirvəsində olsunlar!
Vüsal Süleymanov
Abşeron- Xızı Regional Təhsil idarəsi
Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin direktoru