Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə verildi
Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.
R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan varis olduğunu təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:
“Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər”.
Qeyd edək ki, iki yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.
12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Şəhidlər xiyabanında dəfn olunub. 24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb.